Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO
Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin sabiq rəis müavini Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də Bakının Babək prospektində yerləşən evinin qarajında amansızlıqla qətlə yetirilib. Füzuli İsgəndərov, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.
TodayPress TV xəbər verir ki, hadisədən cəmi üç gün əvvəl böyük qızının toyu olan mərhumun bədənində 20-dən çox bıçaq xəsarəti aşkarlanıb.
İlkin ifadələrdə həyat yoldaşı Xalidə İsgəndərova və azyaşlı qızı hadisəni maskalı bir şəxsin törətdiyini bildiriblər. Onların sözlərinə görə, naməlum şəxs əvvəlcə Füzuli İsgəndərovu öldürüb, sonra isə ana və qızı hədələyərək qızıl-zinət əşyalarını aparıb. Bu versiya əsasında aylarla araşdırma aparılsa da, qatil tapılmayıb.
Dörd ay sonra cinayət işi Bakı Şəhər Prokurorluğuna verilib və istintaq yenidən başlanıb. Artıq iş üzrə istintaq qrupuna müstəntiq Müşfiq Abbasov rəhbərlik edir. Yeni araşdırma zamanı diqqətçəkən məqamlardan biri hadisə yerində tapılmış ayaq izləri olub. Müstəntiq evə təkrar baxış keçirərkən mərhumun idman zalında bir tayı itkin düşmüş idman ayaqqabısını aşkarlayıb. Ayaqqabının naxışları hadisə yerindəki izlərlə üst-üstə düşüb. Daha sonra evin həyətindəki köhnə ocaq yerindən götürülən nümunələr həmin ayaqqabının digər tayının yandırıldığını ortaya çıxarıb.
İstintaqı çaşdıran əsas sübutlardan biri də hadisə yerində aşkarlanan AB(IV)Rh- qan qrupuna aid qan nümunəsi olub. Sonradan müəyyən edilib ki, həmin qan nümunəsi cinayət yerinə bilərəkdən atılıb və istintaqı yanlış istiqamətə yönəltmək məqsədi daşıyıb. Bu faktla bağlı ayrıca araşdırma aparılıb.
İş üzrə dönüş nöqtələrindən biri mərhumun böyük qızının ifadəsi olub. O, valideynləri arasında uzun müddətdir, ciddi münaqişələrin yaşandığını, anasının emosional davranışlar sərgilədiyini və ailədə tez-tez gərginlik yarandığını bildirib. İstintaq zamanı ər-arvad arasında həm əmlak, həm də şəxsi münasibətlərlə bağlı problemlərin olduğu müəyyən edilib.
Daha sonra azyaşlı qızın iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı hadisə gecəsi valideynləri arasında səhərə qədər davam edən mübahisənin baş verdiyi üzə çıxıb. İfadələr, ekspertiza rəyləri, telefon danışıqları və digər sübutlar bir araya gətirildikdən sonra istintaq Füzuli İsgəndərovun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib.
İstintaqın versiyasına görə, ilk ölümcül bıçaq zərbələri evin daxilində vurulub. Yaralanan Füzuli İsgəndərov qaraja qaçaraq kömək almağa və ya xəstəxanaya getməyə çalışsa da, son zərbələr burada endirilib.
Toplanan sübutlar əsasında Xalidə İsgəndərova həbs olunub və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ildə o əhv edilərək cəza müddəti yarıya endirilib.
Uzun müddət ölkə gündəmində qalan bu cinayət işi istintaq tarixində saxta sübutlar, ziddiyyətli ifadələr və aylarla gizli qalan həqiqətləri ilə ən çox müzakirə olunan qətllərdən biri hesab olunur.