Məmməd Musayev: “Dünyada qida məhsullarının bahalaşması davam edir”

Kənd Təsərrüfatı

17.12.2025 11:47

“Dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir və Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək üçün daxili istehsalı, xüsusən də xam maldan emala keçidi təmin etmək məqsədilə mövcud imkanlardan maksimum istifadə etməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti (ASK) Məmməd Musayev Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması olduqca vacibdir. ASK Prezidenti qeyd edib ki, kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər – yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxılmalıdır. Bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir.

“Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinə öz məhsullarını uğurla ixrac edirlər. Bu bazarlarda “Made in Azerbaijan” brendinə olan etimad ildən-ilə artır”, - deyə M.Musayev bildirib. 

ASK Prezidenti əlavə edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Türk Ticarət və Sənaye Palatasında, eləcə də İslam Ticarət və İnkişaf Palatasında ölkəmizin özəl sektorunu təmsil edir və sahibkarların yeni bazarlara çıxışı üçün institusional dəstək göstərir. O vurğulayıb ki, bu istiqamətdə görülən işlər Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına mühüm töhfə verir.

Qiymət Mahir

TodayPress TV

tag: ASK,Məmməd Musayev,Kənd Təsərrüfatı,Sektor,Todaypress.tv,