Aqrar Biznes Festivalları sahibkarlığın təşviqinə mühüm töhfə verir
Kənd Təsərrüfatı
17.12.2025 11:10
“Aqrar Biznes Festivalları kənd təsərrüfatının dayanıqlı inkişafına, fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsinə və regionlarda sahibkarlığın təşviqinə mühüm töhfə verir”.
TodayPress TV xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən edilib:
“Dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində aqrar sektorda genişmiqyaslı islahatlar aparılıb, fermerlərin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişləndirilib və regionların dayanıqlı inkişafı üçün möhkəm əsaslar formalaşdırılıb. Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Nazirin sözlərinə görə, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır. Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub.
Bildirilib ki, cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 Aqrar Biznes Festivalı keçirilib. Tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış həyata keçirilib. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil olunub.
Nazir vurğulayıb ki, bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib. Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə geniş imkan yaradıb.
Qiymət Mahir
tag: KTN,Tədbir,Nazir,Çıxış,Todaypress.tv,
