Yeniləmə "iPhone"larda performans problemləri yaratdı
İKT
05.02.2026 19:45
Yanvar yeniləməsindən sonra "iPhone" istifadəçiləri cihazlarda ləngimə və batareyanın sürətlə boşalması ilə bağlı kütləvi şikayətlər etməyə başlayıb.
TodayPress TV xəbər verir ki, "Apple" yanvarın sonlarında "iOS 26.2.1" yeniləməsini yayımlayıb.
Yeniləmə yeni "AirTag 2" mayakına dəstək və bəzi texniki səhvlərin aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin yeniləmədən sonra "iPhone" istifadəçiləri cihazlarda ləngimə və batareyanın sürətlə boşalmasından şikayət etməyə başlayıb.
Məlumata görə, yanvarın 29-da "Apple" forumunda “iOS 26.2.1" telefonumu istifadəsiz hala gətirdi” adlı paylaşım edilib və təxminən 150 istifadəçi eyni problemləri yaşadığını təsdiqləyib. Bundan başqa, "Reddit" platformasında “iOS 26.2.1" – istifadəçilər üzərində eksperiment” başlıqlı paylaşım 280-dən çox bəyənmə toplayıb.
"Macworld" jurnalistləri bu və digər oxşar paylaşımlara əsaslanaraq problemin kütləvi xarakter daşıdığı qənaətinə gəlib. Onların bildirdiyinə görə, "Apple" hələlik bu nasazlıqları aradan qaldırmayıb. Üstəlik, istifadəçilər daha stabil "iOS 26.2" versiyasına geri dönə bilmirlər, çünki şirkət həmin versiyanı artıq imzalamır.
Qiymət Mahir
tag: iPhone,Apple,AirTag ,iOS 26.2.1,Todaypress.tv,
