Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu
"Apple"ın yeni flaqman smartfonu "iPhone 18 Pro"nun qiymətinin əvvəlki modellə müqayisədə 50–100 dollar arta biləcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Creative Strategies" analitiki Maks Vaynbax J.P. Morgan-ın proqnozuna istinadən məlumat verib.
Məlumata görə, "iPhone 18 Pro"nun başlanğıc qiyməti 1200 dollara çata bilər. Bahalaşmanın əsas səbəbi isə operativ yaddaş komponentlərinin maya dəyərinin kəskin artmasıdır. Analitiklərin qiymətləndirməsinə görə, yaddaş bazarında davam edən çatışmazlıq və qiymət dəyişkənliyi "Apple" üçün bu komponentlərin xərcini təxminən iki dəfə artıracaq.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, "Apple" digər komponentlərin ucuzlaşması hesabına əlavə xərclərin bir hissəsini kompensasiya edə biləcək. Həmçinin şirkətin öz istehsalı olan modemlərə keçidi də xərclərin azalmasına kömək edə bilər.
"Apple"ın baş icraçı direktoru Tim Kuk daha əvvəl məhsulların qiymətinin gələcəkdə artırılmasının qaçılmaz görünə biləcəyini bildirmişdi. "The Wall Street Journal" ekspertləri isə "iPhone 18 Pro"nun qiymətinin hətta 1300 dollara qədər yüksələ biləcəyini istisna etmirlər.
Qiymət Mahir