"iPhone 17 Pro Max" batareya lideri oldu
İKT
05.02.2026 19:15
Aparılan müstəqil testlərdə "iPhone 17 Pro Max" batareya dözümlülüyü baxımından rəqiblərini geridə qoyaraq ən yaxşı nəticə göstərib.
TodayPress TV xəbər verir ki, "CNet" jurnalistləri populyar smartfonlar üzərində stress-test və video oynatma sınaqları aparıblar.
Müəlliflərin sözlərinə görə, məhz bu iki test batareya göstəricilərini ən dəqiq əks etdirir.
Üç saatlıq video oynatma sınağından sonra ən yüksək nəticəni "iPhone 17 Pro Max" göstərib – cihazda batareyanın 91 faizi qalıb. Sonrakı yerlərdə "OnePlus 15" (90 faiz) və "iPhone 17" (89 faiz) qərarlaşıb. İlk onluqda həmçinin "OnePlus 15R", "Xiaomi Poco F7 Ultra", "Motorola Edge" (2025) və "Samsung Galaxy S25 Plus" da yer alıb.
45 dəqiqəlik maksimal yüklənmə ilə keçirilən stress-testdə isə ən davamlı cihazlar "Apple" smartfonları olub. "iPhone 17 Pro Max", "iPhone 17 Pro", "iPhone 17" və "iPhone 16e" modellərinin batareyası müvafiq olaraq cəmi 1, 2, 2 və 3 faiz azalıb.
Araşdırmanın sonunda hər iki testin orta nəticələri hesablanıb və brendlər üzrə yekun reytinq açıqlanıb. Siyahıya 91,7 faiz göstərici ilə "Apple" başçılıq edib. Ardınca "OnePlus" (89,25), "Motorola"(87,43), "Samsung" (87,22) və "Google" (85,70) qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin sonunda "GSMArena" tərəfindən açıqlanan batareya reytinqində isə lider smartfon "OnePlus 15" olub.
Qiymət Mahir
tag: iPhone ,iPhone 17 Pro Max,Motorola Edge,Xiaomi Poco F7 Ultra,Todaypress.tv,
