FIFA-da ciddi narazılıq: KNVB İnfantinonun getməsini istəyir
Niderland Kral Futbol İttifaqı (KNVB) FIFA prezidenti Canni İnfantinoya etimadını itirdiyini açıqlayıb və beynəlxalq futbol qurumunun idarəetmə sistemində islahatların aparılmasını tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə KNVB-nin bəyanatında bildirilib:
“Biz artıq FIFA prezidenti Canni İnfantinoya etibar etmirik. Hesab edirik ki, təşkilata yeni rəhbərlik lazımdır. Lakin yalnız prezidentin dəyişdirilməsi kifayət deyil, FIFA-nın idarəetmə modeli də transformasiyaya ehtiyac duyur. Təşkilat rəhbərinin səlahiyyətlərinin həddindən artıq cəmləşdiyini və prezidentlə FIFA strukturu arasında səlahiyyət bölgüsünün aydın olmadığını müşahidə edirik.
Futbol sadəcə idman deyil. O, insanları birləşdirir, fikir ayrılıqlarını aradan qaldırır və milyonlarla uşaq və yeniyetmə üçün imkanlar yaradır. Buna görə də insan hüquqları və dayanıqlı inkişaf FIFA-nın qərarlarının ayrılmaz hissəsinə çevrilməlidir. Bu, həm dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçiminə, həm də kommersiya fəaliyyətinə aiddir”.
Qeyd edək ki, bundan əvvəl Canni İnfantino FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək FIFA Forward Enterprise şirkətinin yaradılması təşəbbüsünü irəli sürmüşdü.
FIFA-nın hesablamalarına görə, layihənin həyata keçirilməsi quruma təxminən 4,2 milyard dollar əlavə gəlir gətirə, üzv assosiasiyaların gəlirlərinin artırılmasına və dünya futbolunun inkişafına töhfə verə bilərdi.
Bununla belə, təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatlarının ciddi tənqidinə səbəb olub. UEFA, KONKAKAF, AFC və KONMEBOL layihəyə dəstək verməkdən imtina edib.
Bundan əlavə, UEFA konsepsiyadan rəsmi şəkildə imtina edilməyənədək FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.
Namiq HUN