XTQ-nin yaradılmasından 27 il ötür
Hərbi
30.04.2026 10:55
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür.
TodayPress TV xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb.
XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin mühüm dəstək və rolu olub. Azərbaycan xüsusi təyinatlıları dəfələrlə müxtəlif ölkələrdə keçirilən kurslarda iştirak edib və ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
Onlar dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılıb.
Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər isə “Qarabağ” ordeni ilə təltif edilib.
tag: XTQ,Azərbaycan,30 aprel,Yaranma günü,Todaypress.tv,
