Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc
"Global Firepower (GFP) 2026" hesabatına görə, Türkiyə 14 operativ dənizaltı ilə dünyanın ən güclü dənizaltı donanmaları arasında 9-cu yerdə qərarlaşıb.

Reytinq ölkələrin aktiv xidmətdə olan dənizaltılarının sayına əsaslanır.
Türkiyənin dənizaltı donanmasının əsasını Almaniya istehsalı olan "Type 209" sinifli "Atılay, Preveze və Gür" dənizaltıları təşkil edir. Bu platformalar son illərdə yerli istehsal olan "MÜREN" döyüş idarəetmə sistemi, "AKYA" ağır torpedaları və digər milli texnologiyalarla modernləşdirilib.
Hazırda istismarda olan Type 209 sinifli dənizaltılar səkkiz 533 millimetrlik torpedo aparatı ilə təchiz edilib. Onlar həm ağır torpedoları, həm də gəmi əleyhinə raketləri buraxa bilir. Dizel-elektrik hərəkət sistemi və aşağı akustik izi sayəsində bu platformalar gizli sualtı əməliyyatlar üçün effektiv hesab olunur.
Donanmanın gələcəyini isə yeni nəsil "Reis" (Type 214TN) sinifli dənizaltılar formalaşdırır. Bu platformalar hava-müstəqil hərəkət sistemi ilə təchiz olunub. Yanacaq elementi texnologiyası sayəsində onlar həftələrlə suyun səthinə çıxmadan fəaliyyət göstərə bilir ki, bu da aşkarlanma riskini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə kəşfiyyat, strateji müşahidə, xüsusi təyinatlı əməliyyatlar və uzunmüddətli patrul missiyalarında daha yüksək imkanlar əldə edilir.
Modernləşdirmə proqramının mühüm hissəsini təşkil edən "AKYA" ağır torpedası 50 kilometrdən artıq mənzilə malikdir. Aktiv və passiv sonar, həmçinin fiber-optik idarəetmə sistemi ilə təchiz olunan bu silah həm suüstü gəmilərə, həm də digər dənizaltılara qarşı istifadə oluna bilir. Yerli döyüş idarəetmə sistemi ilə inteqrasiya isə Türkiyənin xarici silah sistemlərindən asılılığını azaldaraq əməliyyat çevikliyini artırır.
Ankara bununla yanaşı, tam yerli istehsala əsaslanan "MİLDEN" proqramını da həyata keçirir. Layihənin məqsədi xarici texnologiyalardan asılılığı minimuma endirmək, milli müdafiə sənayesini gücləndirmək və gələcəkdə tamamilə yerli istehsal olan dənizaltılar yaratmaqdır.
Hərbi ekspertlərin fikrincə, AIP texnologiyasına malik Reis sinifli dənizaltılar, yerli döyüş idarəetmə sistemləri və milli silahların inteqrasiyası Türkiyənin sualtı qüvvələrini Qara dəniz, Egey və Şərqi Aralıq dənizində regionun ən müasir dizel-elektrik donanmalarından birinə çevirir.
Jalə Rövşən