Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO

Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO
29.07.2026 21:30 Hadisə

Samux Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün müraciət edən qadının həkim tapa bilmədiyi iddia olunub.

TodayPress TV Gencexeber.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, hadisə iyulun 27-də baş verib. Çobanabdallı kənd sakini Emin Mustafayev doğuş sancıları başlayan həyat yoldaşını Samux Rayon Mərkəzi Xəstəxanasına aparıb. Onun sözlərinə görə, xəstəxanada həkimlərin məzuniyyətdə olduğu bildirilib və bu səbəbdən qadına tibbi yardım göstərilməyib.

İddiaya görə, xəstənin başqa tibb müəssisəsinə aparılması üçün təcili tibbi yardım avtomobili də ayrılmayıb. Bundan sonra Emin Mustafayev həyat yoldaşını motosikletlə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya çatdırıb. Qadın uşağı burada dünyaya gətirib. 

Baş verənlər Emin Mustafayev tərəfindən mobil telefonla qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülərdə hamilə qadının müayinəyə cəlb edilməməsi iddiaları həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb.

"Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs (USM) müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. 

Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib.

Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb", - qurumdan qeyd edilib. 

Bildirilib ki, vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyilə Gəncə Perinatal Mərkəzinə müraciət edib, yaranmış anlaşılmazlıq tam olaraq aradan qaldırılıb.

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər