SON DƏQİQƏ! Bakıda eşidilən dron səsləri ilə bağlı NÖVBƏTİ AÇIQLAMA
Gündəm
16.03.2026 16:46
“Azərbaycanın hava məkanı tam şəkildə nəzarət altındadır. Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin bütün hava məkanını müdafiə etməyə qadirdir və daim hazır vəziyyətdə saxlanılır”.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, istər paytaxt Bakı, istərsə də digər bölgələr üzrə hava məkanında uçan hər hansı aparat — dron, təyyarə və ya digər uçuş vasitələri radar sistemləri vasitəsilə izlənilir:
“Yaranan hər hansı vəziyyətlə bağlı müvafiq qurumlar operativ qərarlar qəbul etmək imkanına malikdir. Azərbaycanın həm sərhədləri, həm də hava məkanı tam şəkildə nəzarət altındadır və müdafiə olunur. Bu sahədə ölkəmizdə kifayət qədər peşəkar kadrlar, eləcə də lazımi hərbi texnika və avadanlıq mövcuddur. Buna görə də ciddi narahatlıq üçün əsas yoxdur”.
Hərbi ekspert gecə saatlarında Bakı səmasında eşidilən dron səsləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolara da münasibət bildirib:
"Hazırda münaqişə zonalarının Azərbaycan sərhədlərinə yaxın olması sosial şəbəkələrdə müxtəlif məlumatların yayılmasına səbəb ola bilər. Bəzi hallarda isə yayılan görüntülərin süni intellekt vasitəsilə hazırlanması, montaj olunması və ya manipulyasiya edilməsi ehtimalı da istisna deyil".
O diqqətə çatdırıb ki, bu gün dron tipli uçuş vasitələri geniş yayılıb və bir çox ölkələrdə müxtəlif məqsədlərlə istifadə olunur.

“Bu cür uçan vasitələr açıq satışdadır və onlardan çəkiliş, monitorinq və digər mülki məqsədlər üçün istifadə halları geniş yayılıb. Əgər səmada daha iri dronların müşahidə olunması halları baş verərsə, bu, təlim uçuşları ilə də bağlı ola bilər. Necə ki hərbi təyyarələrin təlim uçuşları keçirilir, eyni qaydada dronların da təlim məqsədli istifadəsi mümkündür. Bu gün dron texnologiyalarından poçt xidmətləri, daşınma və logistika kimi sahələrdə istifadə perspektivləri də nəzərdən keçirilir”.
Ş.Ramaldanov əlavə edib ki, təhlükəsizlik baxımından müəyyən tələblərə cavab verən dronlar yalnız müvafiq qurumların icazəsi ilə və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə oluna bilər.
Hərbi ekspert qeyd edib ki, münaqişə ocaqlarına yaxın bölgələrdə bu cür hadisələrin baş verməsi tam istisna olunmur. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayır.
Nicat Osmanlı
tag: Şair Ramaldanov,Polkovnik,Hərbi ekspert,Bakı,Dron,Todaypress.tv,
