Ordu sıralarından diplomatiyaya – Azərbaycan gəncləri

Gündəm

02.02.2026 11:17

“Gənclər bu günümüz, sabahımız və Azərbaycanın qızıl fondudur”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı TodayPress TV-yə danışarkən bildirib. 


O qeyd edib ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin bir qrup Azərbaycan gənci ilə görüşünün keçirildiyi günün “Gənclər Günü” kimi qeyd olunması artıq dövlətçilik ənənəsinə çevrilib. 

Deputat bildirib ki, hər il 2 fevralda Azərbaycan xalqı özünün ən dəyərli hissəsi olan gənclərin bayramını qeyd edir:   

“Bizim öz tarixinə, kökünə bağlı, müasirliyə həvəsli, Azərbaycanı daha güclü etmək üçün çalışmağa hazır olan bir gəncliyimiz var. Onlar bu gün ordu sıralarında, təhsildə, elmdə, biznes sahəsində, eləcə də diplomatiyada Azərbaycanı layiqincə təmsil edirlər”.  

A. Mirzəzadə vurğulayıb ki, gənc ailələr cəmiyyətdə valideynlərə və yaşlı nəslə qayğı ilə yanaşaraq nümunəvi rol oynayırlar. 

O qeyd edib ki, Azərbaycan gəncliyi bu gün dəyərlərimizin, müasirliyimizin və dövlətçiliyimizin keşiyində dayanır. 

“Gənclərlə fəxr edir, onlara böyük ümid bəsləyir və inanırıq ki, Azərbaycan gəncliyi hər zaman azərbaycançılığın, müstəqilliyin və müasirliyin qorunmasında layiqincə rol oynayacaq”, - deyə deputat fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Aydın Mirzəzadə,Deputat,Ordu,Dİplomatiya,Todaypress.tv,