Həkimi partladan nə qazidir, nə əlil - İfşa edildi

Gündəm

01.05.2026 11:24

"Milli Onkologiya Mərkəzində qeydə alınmış və ciddi rezonans doğuran hadisədə adı hallanan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin müharibə iştirakçısı kimi təqdim edilməsi yanlışdır".

TodayPress TV xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.


“Apardığımız kiçik araşdırma göstərir ki, Mübariz Əliyev işğaldan azad edilmiş rayonlardan birində doğulsa da, onun hərbi fəaliyyəti yalnız 2006-2007-ci illərdə keçdiyi müddətli həqiqi hərbi xidmətlə məhdudlaşıb. Səfərbərlik dövründə isə orduya çağırılmayıb. Bu baxımdan o, nə müharibə iştirakçısıdır, nə də müharibə əlili kimi tanına bilər".

Ekspert əlavə edib ki, bəzi media resursları və sosial şəbəkə səhifələri belə həssas hadisələrdən manipulyativ şəkildə istifadə edirlər:

"Son illərdə xaricdə fəaliyyət göstərən bəzi özünü "media" kimi təqdim edən şəxslər harada neqativ hadisə baş verirsə, dərhal onu müharibə iştirakçıları ilə əlaqələndirməyə çalışırlar. Məqsəd isə ictimaiyyət arasında gərginlik yaratmaq və bu yolla daha çox izləyici toplamaqdır. Onlar zahirdə guya müharibə iştirakçılarını müdafiə etdiklərini göstərirlər. Lakin əslində, alt şüur səviyyəsində bu insanları cəmiyyətə bandit, quldur və terrorçu kimi təqdim etməyə çalışırlar. Bu isə həm həqiqi qazilərə, həm də ümumilikdə cəmiyyətə qarşı ədalətsizlikdir".

Mütəxəssis vətəndaşlara da çağırış edib:

"Hər oxuduğumuz və eşitdiyimiz məlumat doğru olmaya bilər. Ona görə də insanlar yalnız etibarlı mənbələrə istinad etməli, məlumatları yoxlamadan nəticə çıxarmamalıdırlar".

Sonda o bildirib ki, baş verən hadisə ciddi və xoşagəlməzdir və hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmalıdır:

"Ümid edirəm ki, aidiyyəti qurumlar hadisənin bütün təfərrüatlarını araşdıracaq, səbəb və nəticələri barədə ictimaiyyətə geniş və şəffaf məlumat təqdim olunacaq", - deyə Ədalət Verdiyev qeyd edib.

Xatırladaq ki, 30 apreldə Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim-radioloq Asif Nəsirli ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Onkologiya,Partlayış,Hərbi xidmət,Hərbi-ekspert,Todaypress.tv,