Ermənistan tribunası bu gün Prezident Əliyevə xidmət etdi: İrəvan mediasından möhtəşəm təqdimat
Gündəm
04.05.2026 20:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-ü Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib.

Prezidentin çıxışı Azərbaycanın sülh təşəbbüslərini, praktiki addımlarını, beynəlxalq ədaləti müdafiə edən mövqeyini ön plana çıxarıb və Ermənistan mediasında geniş müzakirə mövzusuna çevirib. Xüsusilə aşağıdakı məqamlar ön plana çıxarılıb:
• 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə və sülh müqaviləsi mətninin ilkinləşdirilməsi bölgədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilib.
• Azərbaycanın birtərəfli qaydada Ermənistana qarşı tranzit məhdudiyyətlərini qaldırması nəticəsində artıq 28 min ton yükün daşınması, həmçinin ilk dəfə 12 min ton neft məhsulunun (benzin və dizel) ixrac edilməsi sülhün gətirdiyi ilk dividentlər kimi təhlil olunur.
• Naxçıvanla bağlantını təmin edəcək TRİPP layihəsinin Orta Dəhlizin mühüm hissəsinə çevriləcəyi vurğulanıb.
Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin videobağlantı vasitəsilə zirvəyə qatılmasını "tarixi hadisə" adlandırıb və artıq iki ildir itkisiz dövrün yaşandığını qeyd edib. “NEWS.am” və digər erməni resursları Paşinyanın 2028-ci ildə Bakıya səfər etmək ümidini xüsusi vurğulayıblar.
Bəzi dairələr tənqidi fikirlər səsləndirsələr də, ümumi media mənzərəsi Azərbaycanın diktə etdiyi yeni sülh gündəminin Ermənistanda qəbul olunduğunu və praktiki nəticələr verdiyini təsdiqləyir.
Aysel Mətləb
tag: Azərbaycan ,İlham Əliyev,Avropa Siyasi Birliyi,Ermənistan ,Media,TodayPress TV,
