Təhsildə yeni mərhələ: Distant model tətbiq olunacaq
Elm və Təhsil
16.12.2025 16:36
"Distant təhsil artıq qaçılmaz bir modeldir və dünyanın əksər ölkələrində uğurla tətbiq olunur".
Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, distant təhsil həm orta ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində mütləq lazımdır. Xüsusilə ali təhsil sahəsində bu modelin tətbiqi aktualdır.
"Mühəndislik ixtisasları da daxil olmaqla bir sıra sahələr üzrə qiyabi təhsilin ləğv edilməsi fonunda distant təhsil mühüm alternativ ola bilər. İstənilən sahə üzrə çalışan şəxslərin, xüsusilə mühəndislik ixtisasları üzrə təhsil almaq istəyənlərin distant təhsil vasitəsilə bilik əldə etməsi faydalı və zəruridir".
Ekspert distant təhsilin orta ümumtəhsil məktəbləri üçün də vacib olduğunu vurğulayıb. Onun fikrincə, əlverişsiz hava şəraiti, eləcə də rayon və kənd məktəblərində şagird sayının az olması bu modelin tətbiqini zəruri edir.
"Xüsusilə şagird sayı az olan məktəblərdə distant təhsil mütləqdir. Distant təhsilin effektiv olması üçün müvafiq infrastruktur yaradılmalıdır. Bu, internet təminatı və elektron lövhə sistemlərinin mövcudluğunu tələb edir ki, şagirdlər tədris prosesini rahat şəkildə izləyə bilsinlər. Bəzi ailələrdə internet zəifdir və ya ümumiyyətlə yoxdur, eləcə də elektron avadanlıqlar çatışmaya bilər. Bu halda distant təhsil şagirdlər üçün faydasız olar"
Ramin Nurəliyev orta ümumtəhsil məktəblərində distant təhsilin məktəbin özündə təşkil edilməsini daha məqsədəuyğun hesab edir:
"Məktəbin özündə internet və elektron lövhə ilə təmin olunmuş şərait yaradılarsa, distant təhsil daha effektiv olar. Bu zaman şagirdlər tədrisdən yayınmaz və təhsil prosesi fasiləsiz davam edər. Əgər orta ümumtəhsil məktəblərində distant təhsil modelinin tətbiqi gündəmdədirsə, ali təhsil müəssisələrində də bəzi ixtisaslar üzrə bu formaya keçidin artıq vaxtı çatıb. Əlbəttə ki, bütün ixtisaslar üzrə deyil, amma müəyyən sahələrdə distant təhsilin tətbiqi artıq zərurətə çevrilib".
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev distant təhsilin səmərəlilik, şagirdlərin daşınması və rahatlığı baxımından mümkün tətbiqi ilə bağlı açıqlama verib.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,Ekspert,Distant,Təhsil,Todaypress.tv,
