“Onda niyə nazirə əməkhaqqı verilir?” – Ekspertdən Emin Əmrullayevə SƏRT SÖZLƏR
Elm və Təhsil
16.12.2025 15:00
“Elm və Təhsil naziri Emin Əmrullayevin vaxtaşırı mediada və brifinqlərdə səsləndirdiyi qeyri-real və cəmiyyətdə ciddi narazılıq doğuran çıxışlara artıq ictimaiyyət öyrəşib”.
Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Onun sözlərinə görə, bu cür açıqlamalar təsadüfi deyil və məqsədli şəkildə edilir:
"Emin Əmrullayev kütlə psixologiyasını çox yaxşı bilir. Onun bu tip çıxışlarının əsas məqsədi təhsildə mövcud olan real problemlərdən mətbuatın və cəmiyyətin diqqətini yayındırmaqdır".
Ekspert əlavə edib ki, son vaxtlar səsləndirilən “şagird öyrənmirsə, müəllimə niyə maaş verilməlidir?” yanaşması düzgün deyil:
"Bu sual qarşılığında belə bir sual vermək olar, əgər Elm və Təhsil Nazirliyi özünü doğrultmursa, onda niyə nazirliyə və nazirə əməkhaqqı verilir? Niyə Azərbaycanın təhsil büdcəsi müxtəlif layihələrə, təlimlərə xərclənir? Niyə yaxın dostlara və tanışlara müxtəlif vəzifələr üçün paketlər təqdim olunur? Niyə təlimlərə və layihələrə yüz milyonlarla manat vəsait ayrılır? Bu məntiqlə, onda Emin Əmrullayev də əməkhaqqı almamalıdır. Belə yanaşma nə nazir yanaşmasıdır, nə də ziyalı mövqeyidir. Bu, sadəcə spekulyativ yanaşmadır".
Elşən Qafarov hesab edir ki, bu cür açıqlamalar eyni zamanda cəmiyyətdə süni narazılıq yaratmağa xidmət edir:
"Bu, bilərəkdən yaradılan narazılıqdır. Emin Əmrullayevin fəaliyyəti müvafiq qurumların diqqət mərkəzindədir və bu məsələlər nəzarətsiz deyil".
Ekspert nazirin çıxışlarının arxasında şəxsi maraqların dayandığını iddia edib:
"Emin Əmrullayevin daim cəmiyyətdə narazılıq yaradan çıxışları onun nazirlik müddətini uzatmağa hesablanıb. O, yaxşı bilir ki, ölkədə ictimai narazılıq olan məmur adətən narazılıq fonunda işdən çıxarılmır, narazılıq yatandan sonra çıxarılır. Ona görə də istəmir bu narazılıqlar yatsın və bununla da öz “nazir ömrünü” uzatmağa çalışır".
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev "şagird öyrənmirsə, müəllimə maaş verilməməlidir" fikrini səsləndirib. Bu təhsil sahəsində narazılıq yaradıb.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Nazir,Əməkhaqqı,Todaypress.tv,
