Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər...

Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər...
30.06.2026 21:40 Dünya

Venesuelada güclü zəlzələlərdən sonra təxminən 500 min nəfər ərzaq yardımına ehtiyac duyur.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) yaydığı bəyanatda deyilib.

Məlumata görə, növbəti üç ay ərzində zərərçəkənlərin əsas ərzaq məhsulları ilə təmin edilməsi üçün təşkilata 50 milyon ABŞ dolları lazımdır.

Bəyanatda bildirilir ki, ÜƏP Venesuelada fəaliyyətini sürətlə genişləndirir və ötən həftə baş vermiş zəlzələlərdən ən çox zərər çəkmiş ərazilərdə yarım milyona qədər insanı əhatə edəcək ərzaq yardımını artırır.

Qeyd olunur ki, operativ reaksiya yaxşı qurulmuş nəqliyyat və logistika zəncirləri, həmçinin ÜƏP-in son beş ildə fəaliyyət göstərdiyi Venesueladakı və Panamadakı anbarlarda mövcud ərzaq ehtiyatları sayəsində mümkün olub.

"Zəlzələlərdən əvvəl də ərzağa çıxış venesuelalılar üçün əsas problemlərdən biri idi. Ərzaq məhsullarının qiymətləri bir çox ailə üçün hələ də əlçatmaz olaraq qalır. Orta aylıq ərzaq səbətinin dəyəri 600 ABŞ dollarından çoxdur ki, bu da əhalinin orta gəlirindən dəfələrlə yüksəkdir", – deyə bəyanatda vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər