Tokayev bu üsulla 9 kiloqram arıqladı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəxsi həyatı, sağlamlığı və gündəlik vərdişləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, “Turkestan” qəzetinə müsahibəsində Tokayev səhhətindən şikayətinin olmadığını deyib.
Prezident gündəlik yoqa ilə məşğul olduğunu, lakin meditasiya etmədiyini bildirib.
“Gündəlik yoqa məşqlərinə alışmışam, amma meditasiya etmirəm. Həftədə bir neçə dəfə keçmiş peşəkar tennisçi ilə stolüstü tennis oynayıram”, - deyə Tokayev bildirib.
Onun sözlərinə görə, bu rejim nəticəsində 9 kiloqram arıqlayıb və özünü daha yaxşı hiss etməyə başlayıb.

Tokayev öz xarakterini “dövlətçi” kimi xarakterizə edib. O, 50 illik dövlət qulluğunun, eləcə də ilk ixtisasının – çinşünaslığın onda səbr və intizam formalaşdırdığını deyib. Prezident çıxışlarının və məktublarının mətnləri üzərində şəxsən işlədiyini, pis üsluba və yazı səhvlərinə dözmədiyini də qeyd edib.
O, digər ölkə liderlərinin idmana marağından da danışıb:
"Vladimir Putin cüdo ilə məşğul olur, İlham Əliyev mütəmadi olaraq məşq edir və fiziki cəhətdən güclüdür, Sadır Japarov futbol oynayır, Şavkat Mirziyoyev idman zalında forma saxlayır, Nikol Paşinyan velosiped sürür, Aleksandr Lukaşenko xokkey oynayır, Emoməli Rəhmon isə “döyüşçü-dənizçi” möhkəmliyinə malikdir".
Qeyd edək ki, hazırda Türkmənistanın “Avaza” Milli Turizm Zonasında “Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü” keçirilir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edir.
Jalə Rövşən