"The War Zone": ABŞ yeni və güclü nüvə aviabombası hazırlayır

Dünya

03.05.2026 03:00

ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) strateji əhəmiyyətli, dərinlikdə yerləşən yeraltı bunkerləri məhv etmək üçün nəzərdə tutulmuş yeni və yüksək gücə malik atom aviabombasının hazırlanmasına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.

Bildirilib ki, "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) layihəsinin icrasına başlamaq üçün artıq təxminən 100 milyon dollar vəsait ayrılıb. Aviabombanın gücü təxminən 400 kiloton təşkil edəcək. Yeni silahın istehsalında mövcud nüvə beton-dağıdıcı sursatların, o cümlədən “B61-11”, “B61-12” və “B61-13” modellərinin elementlərindən istifadə olunacaq.

Nəşr qeyd edir ki, silahın havadan atılacağı məlum olsa da, hazırda onun konstruksiyası barədə açıq mənbələrdə heç bir ətraflı məlumat yoxdur.

Ehtimal olunur ki, yeni aviabomba onu idarəolunan və daha dəqiq edən quyruq hissəsi ilə təchiz ediləcək. Bu, bombanı paraşütlə endirmək əvəzinə, yüksək hündürlükdə uçan təyyarədən buraxmağa imkan verəcək. Bomba hədəfə doğru kilometrlərlə məsafəni avtonom şəkildə qət edəcək və zərurət yarandıqda istiqamətini korreksiya edəcək. Bombanın, həmçinin raket sürətləndiricisi ilə təchiz edilməsi də mümkündür. Bütün bunlar təyyarələrə sursatı qorunan hədəfdən kifayət qədər təhlükəsiz məsafədə buraxmaq imkanı verəcək.

Bu ağır nüvə aviabombaları ilə "B-2 Spirit" strateji bombardmançılarını və hazırda hazırlanmaqda olan "B-21 Raider" təyyarələrini silahlandırmaq planlaşdırılır. Sursat arsenalı ABŞ ərazisində yerləşdiriləcək.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,NNSA,Nüvə,Silah,TodayPress TV,