Pentaqon hərbi komandanlıq sistemini yenidən qurur
Dünya
16.12.2025 15:47
Pentaqon ABŞ-nin hərbi komandanlıq sisteminin yenidən təşkili ilə bağlı plan hazırlayır.
TodayPress TV “The Washington Post”a istinadən xəbər verir ki, plan ABŞ Silahlı Qüvvələrinin bir sıra regional komandanlıqlarının rolunun azaldılmasını və yeni struktur altında birləşdirilməsini nəzərdə tutur. Belə ki, Mərkəzi (CENTCOM), Avropa (EUCOM) və Afrika (AFRICOM) komandanlıqlarının yeni yaradılacaq ABŞ Beynəlxalq Komandanlığının nəzarətinə verilməsi planlaşdırılır.
Bundan başqa, Qərb yarımkürəsində fəaliyyət göstərən Cənub (SOUTHCOM) və Şimal (NORTHCOM) komandanlıqlarının ABŞ Amerika Komandanlığı (AMERICOM) altında birləşdirilməsi müzakirə olunur. ABŞ Arktika Komandanlığının yaradılması ideyası isə gündəmdən çıxarılıb.
Plan həyata keçirilərsə, ABŞ hərbi komandanlıqlarının sayı 11-dən 8-ə endiriləcək, həmçinin Müdafiə nazirinə birbaşa tabe olan yüksək rütbəli generalların sayı azalacaq.
Məlumata görə, bu dəyişikliklər ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasına uyğundur və resursların Yaxın Şərq və Avropadan Qərb yarımkürəsinə yönəldilməsini hədəfləyir.
Pentaqon isə daxili müzakirələrlə bağlı şərh verməyəcəyini bildirib və qurum daxilində fikir ayrılığı olduğu iddialarını təkzib edib.
Jalə Rövşən
tag: Pentaqon ,Hərbi,ABŞ,Donald Tramp,Todaypress.tv,
