İran ABŞ-yə "ağır zərbə" endirdiyini elan etdi: Siyahıda "Patriot"lar da var
İran tərəfi ABŞ-nin regiondakı hərbi obyektlərinə endirilən zərbələrin nəticələri ilə bağlı yeni iddialar irəli sürüb.
TodayPress TV xəbər verir ki, İranın yaydığı məlumata əsasən, Küveytdə yerləşən "Patriot" hava hücumundan müdafiə sisteminin idarəetmə mərkəzi, Qətərdəki radar kompleksi, radiolokasiya qurğusu və erkən xəbərdarlıq sistemi hədəfə alınıb.
Bildirilir ki, erkən xəbərdarlıq sistemi qismən zədələnib.
İddialara görə, Bəhreyndəki ABŞ hərbi bazasında yanacaq çənləri yanıb, bazaya gedən yanacaq kəməri ciddi zərər görüb. Həmçinin ABŞ ordusuna yanacaq daşıyan tanker və ABŞ Hərbi Dəniz Qüvvələrini təmin edən yanacaq anbarının da zədələndiyi bildirilir.
İran tərəfi bəyan edib ki, raket və pilotsuz uçuş aparatlarının bir hissəsi hava hücumundan müdafiə sistemlərini yararaq nəzərdə tutulan hədəflərə çatıb. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Nicat Osmanlı