Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi

Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi
19.08.2026 18:00 Dünya

Fransada sağalmaz xəstəliklərdən əziyyət çəkən yetkin şəxslərə evtanaziya hüququ verən qanun rəsmi olaraq qəbul edilib. Qanunun mətni ölkənin ali konstitusiya orqanı tərəfindən təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Fransa bu təcrübəni qanuniləşdirən Niderland, Belçika, İsveçrə və Kanada da daxil olmaqla azsaylı ölkələr qrupuna qoşulub.

Çoxillik müzakirələrdən sonra çərşənbə günü dərc olunan sənəddə Fransa vətəndaşı olan və ya ölkədə daimi yaşayan, sağalmaz hesab edilən və dözülməz ağrılara səbəb olan xəstəliklərdən əziyyət çəkən yetkin pasiyentlərin evtanaziya hüququ müəyyən edilir.

Həkim pasiyentin müəyyən edilmiş meyarlara uyğun olub-olmadığını yoxlamalıdır. Təsdiq aldıqdan sonra pasiyent prosedurun həyata keçirilməsinə ən azı iki gün qalmış gözləməli və prosedur günü qərarını təsdiqləməlidir.

Pasiyent istənilən vaxt razılığını geri götürə bilər. O, ölümə səbəb olan maddəni özü qəbul etməlidir. Yalnız fiziki cəhətdən bunu edə bilmədiyi halda ona tibb işçisi kömək edə bilər.

İndiyədək Fransada passiv evtanaziyaya, məsələn, süni həyat dəstəyindən imtina edilməsinə, həmçinin ölüm öncəsi dərin sedasiyaya icazə verilirdi. Lakin həyatına aktiv şəkildə son qoymaq istəyən şəxslər evtanaziyanın qanunla icazə verildiyi digər ölkələrə getməyə məcbur olurdular.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər