Ermənistana xal verməklə üstünlüyümüzü göstərdik – Millət vəkili

Cəmiyyət

15.12.2025 17:07

Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın Uşaq Avroviziyası müsabiqəsində Azərbaycana xal verməməsinə münasibət bildirib. 

Millət vəkili TodayPress TV-yə danışarkən bildirib ki, Ermənistanın bu addımı müəyyən narahatlıq yarada bilsə də, məsələyə daha geniş və soyuqqanlı yanaşmaq lazımdır:


"Onların bal verməməsi bizi, açığı, təbii ki, narahat edə bilər. Amma bu, xəstə bir millətin yanaşmasıdır. Biz özümüzü xəstə millət kimi aparmamalıyıq. Biz qalib gəlmişik və bu xırda detallardan yuxarıda durmaq lazımdır".

Parlamentarinin sözlərinə görə, əsas olan Azərbaycanın qazandığı qələbədir, Ermənistanın davranışı isə onların məğlubiyyət psixologiyasından qaynaqlanır:

"Bizə çatan qələbədir, onlara çatan məğlubiyyətdir. Onlar bu məğlubiyyətdən sonra özlərini belə təsəlli edirlər ki, guya Azərbaycana niyə səs verməyiblər, xal verməyiblər. Qoy bununla yaşasınlar".

Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq yarışlarda Ermənistana səs verməsi əslində mənəvi üstünlüyün göstəricisidir:

"Əksinə, biz onlara xal verməklə onların üzərində mənəvi üstünlüyümüzü, avantajımızı, böyükürəkliliyimizi və gücümüzü göstərmiş oluruq. Ona görə də onların nə edib-etməməsi bizi çox da narahat etməməlidir. Azərbaycan bu cür platformalarda qalib mövqeyini və ağayana davranışını qoruyub saxlamalıdır. Biz qalib addımlarımızı atmalıyıq. Qələbəmizlə yanaşı, mənəvi qürur duyduğumuzu da göstərməliyik. Erməni bu kimi xırda məsələlərlə bizim böyüklüyümüzü əlimizdən almamalıdır. Biz bu böyüklüyü davam etdirməliyik".

Fazil Mustafa sonda qeyd edib ki, beynəlxalq müsabiqələrə yalnız musiqi yarışı kimi deyil, eyni zamanda diplomatik və humanist mesajların ötürüldüyü platforma kimi baxmaq lazımdır:

"Bu cür platformalarda siyasət və diplomatiya elementləri də var. Biz hər zaman sülhdən, humanizmdən və barışdan yana olduğumuzu məhz bu addımlarla nümayiş etdirməliyik", - deyə o, fikrini sonlandırıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Uşaq Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi Fransa olub. 

Məlumata görə, Azərbaycan yarışda Ermənistana 3 xal verib. Ermənistan isə Azərbaycana heç bir bal verməyib. Azərbaycan 12 balını İtaliyaya, 10 balını Albaniyaya, 8 balını isə Gürcüstana verib.

Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O, “Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Uşaq Avroviziyası,Xal,Todaypress.tv,