Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi

Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi
06.08.2026 23:15 Xarici siyasət

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.

TodayPress TV-nin Report-a istinadən verdiyi xəbərə görə, XİN-dən "Aktual.ge"yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı Səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.

"Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib", - açıqlamada qeyd olunub.

Nazirlik bildirib ki, daxil olan məlumat dərhal aidiyyəti dövlət qurumlarına göndərilib.

"Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər", - XİN-in açıqlamasında vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan ərazisində tranzit yük daşıyan bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldığını, onlara saxlanılmanın səbəbi ilə bağlı rəsmi izahat verilmədiyini, sənədlərinin götürüldüyünü və yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim etdiyini xəbər verib.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər