Ukrayna üçün daha bir iclas: Parisdə nələr müzakirə olunub? – ŞƏRH

Təhlil

07.01.2026 14:34

Parisdə “İstəklilər Koalisiya”sının iclası keçirilib. 


Toplantının nəticələri barədə TodayPress TV-yə danışan politoloq Şakir Ağayev bildirib ki, iclasda Ukraynanın təhlükəsizliyi müzakirə olunub: 

"Fransada “İstəklilər Koalisiya”sının iclasında əsas məsələ Ukraynanın təhlükəsizlik zəmanəti olub. Burada ümumi razılıq əldə edilib; iclasda  ABŞ nümayəndələri Stiv Vitkoff  və  Donald Trampın kürəkəni Cared Kuşner  də iştirak edib".

Analitik qeyd edib ki, ABŞ Ukraynada qoşun yerləşdirilməsinə razı deyil:

"Amma əsas qaldırılan məsələlərdən biri Ukraynada sülhdən sonra bura beynəlxalq hərbi kontingentin yerləşdirilməsi olub. Bildiyim qədər, ABŞ bununla razılaşmayıb və imza atmayıb. Çünki ABŞ və xüsusən də Uitkoff Moskva ilə danışıqlar aparan tərəf kimi bilirlər ki, Rusiya bunu heç bir halda qəbul etməyəcək".   

 Onun sözlərinə görə, belə bir şərtin Fransa, Almaniya və İngiltərə tərəfindən qəbul edilməsi isə gözlənilən sülh sazişinə (əslində hələ bu saziş çərçivə xarakterlidir, tam sülh sazişi deyil) zidd olmaq deməkdir. Ona görə də ABŞ buna imza atmayıb.

“Deməzdim ki, ABŞ ora qoşun göndərmək istəyir; sadəcə olaraq, Fransa və Almaniya hələ də müharibənin davam etməsini istəyir kimi görünür. Onlar ümid edirlər ki, müharibə davam etsə, Rusiya tam sarsılar, Avropa isə 2030-cu illərə qədər hərbi qüdrətini gücləndirə bilər. Onlar üçün Ukrayna o qədər də maraqlı deyil, amma əslində Ukrayna daha çox itirir",- analitik qeyd edib. 

Politoloq vurğulayıb ki, Almaniya Kansleri Fridrix Merts Ukrayna böhranını Avropanın silahı sayır:

"Merts dünən həmin tədbirdə bildirib ki, Ukraynanı böyük enerji və humanitar böhran gözləyir. Bu, Avropa üçün bir növ silah rolunu oynayır – onlar bunu edirlər ki, özlərini Rusiya təcavüzündən qorusunlar. Lakin arqument belədir: Ukraynanı qurban verərək Fransa, Almaniya və İngiltərəni qoruyursan. Onlar yaxşı başa düşürlər ki, bu şərtlərlə heç bir atəşkəs olmayacaq və müharibə davam edəcək".

Ş.Ağayev əlavə edib ki, buna görə də bu hələlik yalnız kağız üzərindədir. Rusiya bununla razılaşmayacaq, razılaşmamaq isə müharibənin davam etməsi deməkdir. ABŞ isə hər iki tərəfin mövqeyini nəzərə alan bir proses üçün çalışır və buna səy göstərir. 

Qeyd edək ki, Parisdə “İstəklilər Koalisiya”sının iclasında 27-dən çox ölkənin liderləri iştirak edib. 

Jalə Rövşən

TodayPress TV-

tag: Şakir Ağayev ,Paris,“İstəklilər Koalisiya”sı,Ukrayna ,Todaypress.tv,