Tramp İranı hədələdi: Kütləvi qırğın baş verərsə...
Təhlil
09.01.2026 16:44
ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt zərbə hədəsi beynəlxalq ictimaiyyətdə diqqət çəkib. Tramp bildirib ki, əgər etirazçılar öldürülərsə, Vaşinqton ölkəyə “çox sərt” zərbələr endirəcək. Bu bəyanat İran hakimiyyətinə təzyiq amili kimi qiymətləndirilir və mövcud vəziyyətin gərginliyini artırır.
Bəs bu situasiyada ABŞ İrana zərbə endirə bilərmi? Bu bəyanat İranda etirazlara necə təsir edəcək?
Sözügedən məsələ haqqında TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, İranda etirazlar ABŞ sanksiyalarının yaratdığı iqtisadi çətinliklərdən qaynaqlanır:

"İrandakı etirazlar həm də Amerika Birləşmiş Ştatlarının maraqlarına xidmət edir. Çünki bu etirazların kökündə İrandakı iqtisadi vəziyyətin ağırlaşması və bu ağırlaşmanın əsas səbəbi Amerika Birləşmiş Ştatlarının sanksiyalarıdır. Sanksiyalar İranın nüvə proqramından imtina etməməsi ilə bağlıdır. Yəni İran ABŞ-yə qarşı çıxdığı üçün sanksiyalar tətbiq olunub və bu sanksiyalar İranda iqtisadi vəziyyəti ağırlaşdırıb, rialın real dəyərini kəskin şəkildə azaldıb və nəticədə bu cür etirazlara səbəb olub".
O vurğulayıb ki, artıq qırxa yaxın insan həlak olub. Təbiidir ki, İran güc strukturları bu cür etirazların qarşısını kəskin addımlarla alırlar. Tramp isə bu cür addımların atılmaması üçün İranı hədələyir. Əgər etirazçılar öldürülərsə — söhbət kütləvi qırğından gedir — ABŞ İrana çox güclü zərbə endirəcəyini bildirir.
"Hələlik bu mərhələ görünmür. Etirazlar davam edir və İran hakimiyyəti etirazların qarşısını əvvəlki kimi zor tətbiq etməklə almaqdan çəkinir, bu isə etirazların miqyasının artmasına səbəb olur".
Ekspert qeyd edib ki, etirazlar ya sanksiyaların azalmasına, ya da hakimiyyətin devrilməsinə yol açacaq:

"Son nəticədə bu etirazlar ya İranın ABŞ ilə nüvə proqramı məsələsində razılaşmasına və sanksiyaların azalmasına gətirib çıxara bilər — ki, buna ehtimal çox azdır; ya da etirazlar böyüyərək İran hakimiyyətinin devrilməsinə səbəb ola bilər. Təbiidir ki, bunun baş verməsi üçün ABŞ prosesə qoşulmalıdır, çünki İran hakimiyyətinin zorakılıqla etirazların qarşısını almaqdan başqa çarəsi yoxdur. Əks halda proseslər vəziyyəti daha da ağırlaşdıracaq. Zorakılıq tətbiq olunanda isə ABŞ-nin prosesə müdaxiləsi və İrana zərbələr endirməsi İran hakimiyyətinin devrilməsi ilə nəticələnə bilər".
"Bir sözlə, İranı çox ağır günlər gözləyir",- A.Səmədov əlavə edib.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Politoloq,ABŞ,İran,Todaypress.tv,
