Nüvə silahından istifadə an məsələsidir...
Nüvə silahlarına nəzarət zəifləyir. ABŞ, Rusiya və Çinin nüvə arsenalını gücləndirməsi dünyada yeni təhlükəsizlik narahatlığı yaradır. Soyuq Müharibə dövründə nüvə müharibəsi qorxusu liderləri müəyyən razılaşmalara vadar edirdi. Bəs bu gün həmin çəkindirici qorxu niyə əvvəlki qədər təsirli deyil? Dünya yeni nüvə silahlanması yarışına gedir?
Sözügedən məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb.

Analitik qeyd edib ki, Hər şey 1945-ci ildə Yaponiyaya ABŞ tərəfindən atom bombasının atılması ilə başladı:
"Ən böyük cinayət kütləvi insan qırğınına səbəb olan bu silahın hazırlanması və tətbiqi idi. Lakin beynəlxalq birlik həmin dövrdə bu cinayətə adekvat hüquqi qiymət vermədi və cəzasızlıq sonrakı nüvə yarışına zəmin yaratdı".

Ekspert xatırladıb ki, ABŞ-dən sonra SSRİ, Böyük Britaniya, Fransa, Çin və daha sonra Şimali Koreya nüvə silahına sahib oldu. O əlavə edib ki, bu gün nüvə silahı bir tərəfdən qlobal təhlükə yaratsa da, digər tərəfdən dövlətlər üçün çəkindirici amildir. Çünki nüvə silahından istifadə qarşılıqlı məhvetmə riski yaradır.
Natiq Miri heç bir dövlət başçısının nüvə silahından istifadə barədə tamamilə təkbaşına qərar vermədiyini, bununla belə, nüvə dövlətlərinin məsuliyyətə cəlb edilməməsinin beynəlxalq hüququn zəifləməsinə səbəb olduğunu diqqətə çatdırıb:
"Biz bunu Ukrayna-Rusiya müharibəsində və ABŞ-İsrail-İran qarşıdurmasında da görürük. Əgər 1945-ci ildə nüvə silahından istifadəyə görə məsuliyyət və cəza mexanizmi tətbiq edilsəydi, bu gün fərqli vəziyyətdə ola bilərdik. Boşluq təkcə hüquqda deyil, insanlıq vicdanındadır. Bu gün güc amili hüquq amilinin önünə keçib və “güclü olan ədalətlidir” kimi yanlış yanaşma formalaşıb".
Politoloq hesab edir ki, beynəlxalq hüququn və BMT kimi təşkilatların yenidən effektivləşdirilməsinə, dünyanın daha ədalətli prinsiplər əsasında qurulmasına ehtiyac var. Əks halda nüvə silahları bütün insanlıq üçün təhlükə yaratmaqda davam edəcək.
Jalə Rövşən