NƏ BAŞ VERİR? - 3 millətçi qadının keçmiş faşist dövlətlərində qalib gəlməsi qorxu yaratdı
1922-ci ildə Benito Mussolini “Romaya yürüş”dən sonra İtaliyada hakimiyyətə gəldi. 1930-cu illərdə Yaponiyada militaristlərin siyasi təsiri sürətlə gücləndi. 1933-cü ildə Adolf Hitler Almaniyada kansler təyin edildi. Sonrakı illərdə İtaliya, Almaniya və Yaponiya yaxınlaşaraq 1940-cı ildə Üçtərəfli Paktı imzaladılar və İkinci Dünya müharibəsinin əsas ox dövlətlərinə çevrildilər.
Bu gün isə tamamilə fərqli siyasi və tarixi şəraitdə maraqlı bir paralel görünür.
İtaliyada Giorgia Meloni 2022-ci ildən baş nazirdir. Onun rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyası millətçi və mühafizəkar sağın əsas siyasi qüvvələrindən biridir.
Yaponiyada Sanae Takaichi 2025-ci ildə ölkənin ilk qadın baş naziri oldu. O, milli təhlükəsizliyin və müdafiə imkanlarının gücləndirilməsini müdafiə edən daha sərt siyasi mövqeyi ilə tanınır.
Almaniyada isə Alice Weidelin rəhbərlik etdiyi AfD son illərdə ciddi siyasi yüksəliş əldə edib. Partiya 2025-ci il federal seçkisində 20,8 faiz səs toplayaraq ikinci ən böyük siyasi qüvvəyə çevrildi. 2026-cı ildə də AfD-nin bəzi regional seçkilərdə güclü nəticələr göstərməsi Almaniyada sağçı dalğanın davam etdiyini ortaya qoydu.
Əlbəttə, Meloni, Takaichi və Weideli Mussolini, Hitler və 1930-cu illərin yapon militaristləri ilə eyniləşdirmək doğru olmaz. Bugünkü Avropa və Yaponiya demokratik institutlara, seçkilərə və parlament sisteminə malikdir.
Amma diqqətçəkən məqam başqadır: milli maraqlar, miqrasiya, təhlükəsizlik və ənənəvi siyasi elitalara etimadsızlıq kimi mövzular sağ və millətçi qüvvələrin cəmiyyətlərdə dəstəyini artırır.
Ötən əsrin siyasi dönüşündə əsas simalar kişilər idi. Bu gün isə həmin siyasi dalğanın ön sıralarında qadın siyasətçilər də dayanır.
Bu yeni millətçi dalğa mövcud demokratik sistem daxilində qalacaq, yoxsa zamanla daha sərt siyasi qarşıdurmalara çevriləcək?
Tarixdə baş verənlərin hansı şəraitdə meydana gəldiyini unutmaq da təhlükəlidir.
Jalə Rövşən