“Azərbaycan dili tarixin arxivində əriyəcək” - Gənclərin dilində yad sözlər artır

“Azərbaycan dili tarixin arxivində əriyəcək” - Gənclərin dilində yad sözlər artır
09.09.2026 12:06 Sosial

Dilimizin saflığının qorunması, gənc nəsil arasında yad sözlərin və tələffüz formalarının kütləviləşməsi narahatlıq doğurmağa davam edir.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı danışan şair, tərcüməçi və esseist Rəbiqə Nazimqızı bildirib ki, yeni nəsil Azərbaycan dilinin özünəməxsus söz bazasından və doğru tələffüz qaydalarından uzaqlaşır:

"Yeni nəsil "konfrans"ı "konferans" kimi işlədir, "professor" yerinə əcaib vurğu ilə "profesor" deyir. "Birdənəm" sözünü unudub "bitanem", "detal" yerinə isə "detay" işlədirlər. Bunun əsas səbəblərindən biri məktəb müəllimlərini arxa plana keçirib yalnız repetitorlara üstünlük verməyimizdir. Bizim nəsildən sonra Azərbaycan dili yavaş-yavaş tarixin arxivində əriyəcək və təəssüf ki, bu prosesin qarşısını almaq olmur. Dil canlı mexanizmdir, onu yaşadan insanlardır".

R. Nazimqızı dilimizdə xarici terminlərin və başqa dillərdən gələn təsirin lüzumsuz şəkildə artmasına toxunaraq, bunun psixoloji səbəblərdən qaynaqlandığını vurğulayıb:

"Zamanında "uzman" kimi sözlərin ərəb mənşəli qarşılıqları əvəzləmək üçün yaradıldığını bildik, buna hardasa bəraət kazandırmaq olar. Lakin "konfrans" və "professor" kimi oturuşmuş sözlər nə üçün dəyişməlidir? Biz nəyə görə başqalarının gözünə xoş gəlməyi bu qədər sevirik, milli identityamız və onurğa sütunumuz haradadır? Əminəm ki, süni gözəllik standartları — dolğular, saxta görünüş də məhz bu psixologiyanın təzahürüdür. Məsələ sadəcə 'sənin olmayan sənin deyil' fikri deyil, insanın nə üçün başqası olmağa çalışması məsələsidir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər