Siçanlar Brüsselin məşhur Qran-Plasını İŞĞAL ETDİ
Brüsseldə uzun müddətdir müxtəlif yaşayış məntəqələrində müşahidə olunan siçan problemi son günlər şəhərin tarixi və turistik mərkəzi olan Qran-Plasda da gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, xüsusilə Qran-Plas və ətrafındakı piyadalar üçün nəzərdə tutulan ərazidə siçanların küçələrdə və obyektlərin yaxınlığında görünməsi yerli sahibkarların narazılığına səbəb olub.
Son günlər Qran-Plasdakı şokolad mağazalarından birinin vitrinində siçanın görüntülənməsi sosial şəbəkələrdə geniş yayılıb.
Bildirilib ki, fevral ayından etibarən keçirilən 137 əməliyyat zamanı 1073 siçan tutulub. Yay aylarında tədbirlər gücləndirilib, şəhər mərkəzindəki piyada ərazisinə 15 ədəd ağıllı siçan tələsi yerləşdirilib.
Bələdiyyə may ayında problemlə mübarizə aparmaq məqsədilə xüsusi işçi qrupu yaradıb. Bu istiqamətə ayrılan büdcə 35 min avrodan 100 min avroya qədər artırılıb.
Brüssel meri Filip Klouz sentyabrın 7-də keçirilən bələdiyyə şurasının iclasında siçanlarla mübarizənin bələdiyyənin prioritetləri sırasında olduğunu açıqlayıb.
Bələdiyyə, həmçinin müəssisələrə, restoranlara və kafelərə siçanlarla mübarizə üzrə pulsuz xidmət göstərir. İş yeri sahiblərindən və şəhər sakinlərindən küçələrdə qida və tullantı saxlamamaları xahiş olunur.
Aysel Mətləb