Ermənistanı işğalda saxlayan simvollar
Bu gün Ermənistan öz Dövlət Rəmzləri Gününü qeyd edir.
1918-ci ildə Birinci Respublika tərəfindən qaldırılan, Sovet dövründə gizlədilən və 1990-cı ildə yenidən bərpa olunan üçrəngli "Yerakuyn" bayrağı, Tamanyan və Kojoyan tərəfindən hazırlanan gerb və dövlət himni müstəqilliyin hekayəsi kimi təqdim olunur. Qırmızı rəng mübarizəni, mavi dinc səmanı, narıncı isə zəhmətkeşliyi simvolizə etdiyi deyilir. Lakin bu rəmzlərin içərisinə gizlədilmiş və bu gün də yaşadılan bəzi elementlər Ermənistanı suveren gələcəkdən məhrum edən, onu keçmişin miflərinin işğalında saxlayan əsl buxovlardır.
Ermənistanın dövlət rəmzləri, xüsusilə də dövlət gerbi, bu ölkənin xəyali və aqressiv iddialarla idarə olunduğunun bariz nümunəsidir.
Müstəqil bir dövlətin rəsmi gerbinin mərkəzində başqa bir suveren dövlətin (Türkiyənin) beynəlxalq səviyyədə tanınmış ərazisinin (Ağrı dağının) təsvir edilməsi, Ermənistanın hələ də qonşularına qarşı ərazi iddialarından əl çəkə bilmədiyini göstərir.
Gerbdə əks olunan qədim sülalələrin rəmzləri müasir, rasional və sülhsevər bir dövlət qurmaq əvəzinə, cəmiyyəti daim "böyük Ermənistan" xülyaları ilə zəhərləyir.
Ermənistan öz rəmzlərində qonşularının torpaqlarını və keçmişin revanşist ideologiyasını yaşatdıqca, faktiki olaraq öz müstəqilliyini həmin miflərin işğalına verir.
İrəvanda bu gün səslənən himn və dalğalanan bayraq xalqı gələcəyə deyil, daim keçmişdəki "itirilmiş" torpaqlar və faciələr üzərində qurulmuş bir milli kimliyə kökləyir. Bu simvollar Ermənistanı regionun reallıqlarından təcrid edir, onu qonşuları (Azərbaycan və Türkiyə) ilə normal diplomatik və iqtisadi münasibətlər qurmaqdan saxlayır.
Ermənistan rəhbərliyinin belə son dövrlərdə etiraf etməyə başladığı kimi gerbdə xəyali bir coğrafiya əks olunub. Bu qəbuledilməzdir.
Hər biri təsadüfən yaşamayan bu suverenlik parçaları, əslində Ermənistanı öz daxili qorxularının, regional iddialarının və aqressiv millətçiliyinin əsirinə çevirən simvollardır. Ermənistan nə qədər ki, öz dövlət atributlarını müasir dünyanın sülh və birgəyaşayış prinsiplərinə uyğunlaşdırmayıb, rəmzlərin yaratdığı bu mental işğaldan azad olması çətin olacaq.
Jalə Rövşən