Dünyada bir ilk yaşanır: Səudiyyə xəlvətcə İranı vurdu - Detallar sızdı...
Təhlil
13.05.2026 10:34
Səudiyyə Ərəbistanı bu ilin mart ayının sonlarında İrana qarşı bir neçə gizli hava zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, bu, Krallığın İran ərazisinə birbaşa hərbi əməliyyat keçirməsinin ilk məlum halıdır və regionun təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
Mənbələrə əsasən, zərbələr İranın Səudiyyə ərazisinə hücumlarına cavab olaraq “göz-gözə” prinsipi ilə həyata keçirilib. Qərb və İran rəsmiləri "Reuters"ə bildiriblər ki, Səudiyyə Hərbi Hava Qüvvələri tərəfindən icra olunan bu əməliyyatlar ictimaiyyətə açıqlanmayıb. Zərbələrdən sonra İran tərəfindən Səudiyyəyə qarşı hücumların sayında azalma qeydə alınıb.
Onilliklər ərzində Səudiyyə Ərəbistanı öz təhlükəsizliyini əsasən ABŞ-yə həvalə edirdi. Lakin son hadisələr göstərir ki, bu strategiya dəyişir. Krallıq artıq öz ərazilərinə qarşı hücumlara birbaşa və qəti cavab verməyə hazırdır. Bu, Körfəz dövlətlərinin öz müdafiələrinə baxışlarını əsaslı şəkildə dəyişdirə bilər.
Analitiklər qeyd edirlər ki, bir ölkənin digərinin ərazisinə birbaşa zərbə endirməsi regionda güc balansını yenidən qurur. Səudiyyə-İran rəqabəti uzun illərdir ki, dolayı yolla – Yəmən, Suriya və digər ölkələr vasitəsilə gedirdi. İndi isə bu rəqabət birbaşa hərbi müstəviyə keçib. Zərbələrdən sonra tərəflər arasında diplomatik əlaqələr intensivləşib. Səudiyyənin əlavə cavab təhdidlərindən sonra hər iki tərəf gərginliyin azaldılması barədə razılığa gəlib. Bununla belə, regionda sabitlik hələ də kövrək olaraq qalır. Bu hadisə eyni zamanda Körfəz ölkələrinin Vaşinqtondan asılılığının azaldığını və onların daha müstəqil təhlükəsizlik siyasəti yürütdüyünü göstərir. BƏƏ-nin də oxşar gizli əməliyyatlar keçirdiyi barədə məlumatlar var.
Səudiyyə Ərəbistanının addımı Yaxın Şərqdə yeni reallıq yaradır. Artıq “proxy müharibələri” dövrü bitə və birbaşa qarşıdurmaların dövrü başlaya bilər. Region ölkələri indi öz təhlükəsizliklərini təmin etmək üçün daha aktiv və müstəqil siyasət aparmalı olacaqlar.
Jalə Rövşən
tag: Səudiyyə Ərəbistanı, İran,BƏƏ,ABŞ,Todaypress.tv,
