Azərbaycan diasporu HƏDƏFDƏ: Uralda nə baş verir?

Təhlil

16.12.2025 10:34

Rusiyanın Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporu ətrafında baş verən son proseslər diqqətlə təhlil edildikdə, məsələnin ayrı-ayrı cinayət işləri və fərdi həbslərlə məhdudlaşmadığı aydın olur. Hadisələrin zaman ardıcıllığı və tətbiq olunan mexanizmlər diaspor strukturunda məqsədli dəyişikliklərin həyata keçirildiyini göstərən ciddi siqnallar yaradır.

Uzun illər Uraldakı Azərbaycan icmasına rəhbərlik etmiş Şahin Şıxlinskinin “etnik cinayətkar qrup” işi çərçivəsində saxlanılması diaspor daxilində mövcud balansı pozub və rəhbərlik boşluğu formalaşdırıb. Ona qarşı irəli sürülən ağır ittihamlar bu boşluğun qısa müddətdə aradan qalxmasını mümkünsüz edir və prosesin uzunmüddətli xarakter daşıdığını göstərir.


Diqqət çəkən məqamlardan biri istintaq prosesində əsas rol oynayan şəxslərin kimliyidir. Şıxlinski ilə bağlı ifadələrin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, erməni əsilli A.S. Karapetyan tərəfindən alınması, eləcə də ona qarşı ifadə verən şəxsin Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı olması diaspor daxilində istintaqın motivləri ilə bağlı əlavə suallar doğurur.

Şıxlinskinin diaspor lideri kimi əvəz olunduğu bildirilən Vidadi Mustafayevin də qısa müddət sonra həbs edilməsi mövcud rəhbərlik xəttinin tamamilə sıradan çıxarıldığını göstərir. Nəticədə Ural bölgəsində Azərbaycan diasporu faktiki olaraq rəhbərsiz və parçalanmış vəziyyətə düşüb.

Bu fon üzərində Yekaterinburqdakı məscidlərdə “Ural azərbaycanlı icmasının rəhbəri” vəzifəsinə yeni namizədin irəli sürülməsi ilə bağlı vərəqələrin paylanması artıq prosesin növbəti mərhələyə keçdiyini göstərir. Bu mərhələdə əsas məsələ diaspor daxilində legitimlik və daxili qəbul mexanizmlərinin deyil, kənardan yönləndirilən inzibati və qeyri-rəsmi təsir alətlərinin ön plana çıxmasıdır.

Bəs Rusiyanın bu cəhdinin baş tutma ehtimalı necə dəyərləndirilir? Rəsmi Kreml öz adamını Azərbaycan diasporuna rəhbər gətirə bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Anar İsayev Rusiyanın Azərbaycan diasporu üzərində nəzarəti artırmaq cəhdlərinin mümkünlüyü və məhdudiyyətləri barədə fikirlərini bölüşüb.


Onun sözlərinə görə, Rusiyanın tam və davamlı şəkildə “öz adamını” Azərbaycan diasporuna rəhbər gətirməsi nə hüquqi, nə də praktiki baxımdan asandır, lakin buna cəhd istisna olunmur:

“Rusiya kimi mərkəzləşmiş və təhlükəsizlik yönümlü dövlətlərdə diasporlar çox vaxt “yumşaq təhlükəsizlik” elementi kimi qəbul olunur. Bu baxımdan Moskvanın bir sıra təsir alətləri mövcuddur. Qeydiyyat və hüquqi mexanizmlər – QHT-lərin qeydiyyatı, maliyyə məsələləri, icazələr, təhlükəsizlik və hüquq-mühafizə strukturlarının dolayı təsiri, eləcə də loyal fiqurların, xüsusən keçmiş güc strukturu əməkdaşlarının önə çəkilməsi bu alətlər sırasındadır. Eyni zamanda parçalama və alternativ təşkilatlar yaratmaq yolu ilə mövcud rəhbərliyi zəiflətmək cəhdləri də mümkündür”.


A.İsayev bildirib ki, bu kontekstdə keçmiş hüquq-mühafizə əməkdaşının diaspor rəhbərliyinə “namizəd” kimi irəli sürülməsi diasporu daha idarəolunan hala gətirmək cəhdi kimi qiymətləndirilə bilər:

“Bu prosesin ciddi məhdudiyyətləri var. Birincisi, diaspor dövlət qurumu deyil. Diaspor təşkilatları formal olaraq ictimai birliklərdir və legitimliklərini icma daxilində qəbuldan alırlar. Moskvanın dəstəklədiyi fiqur icma tərəfindən qəbul edilməzsə, o, real liderə çevrilə bilməz”.

Ekspertin fikrincə, ikinci vacib məqam Azərbaycanın bu məsələyə münasibətidir:

“Azərbaycan dövləti xaricdəki diaspor məsələsinə xüsusilə həssas yanaşır. Rusiyanın açıq şəkildə “öz adamını” diaspor rəhbərliyinə yerləşdirməsi Bakı–Moskva münasibətlərində əlavə gərginlik yarada bilər və eyni zamanda diaspor daxilində ciddi əks-reaksiya doğurar”.

Politoloq vurğulayıb ki, inzibati resurslar hesabına qısamüddətli nəzarət mümkün olsa da, bu, davamlı nəticə vermir:

“Qısamüddətli nəzarət mümkündür, amma uzunmüddətli, legitim və təsirli liderlik yalnız icmanın real dəstəyi ilə mümkündür. Zorakı və ya kənardan yönləndirilmiş rəhbərlik diasporu “idarəolunan” yox, əksinə daha zəif və parçalanmış hala gətirir”.

Qiymət Mahir

TodayPress TV

tag: Anar İsayev,Politoloq,Rusiya,Diaspor,Todaypress.tv,