Beyin Muradda, “ruçka” İcrada
680,9 bal. Bu nəticəni eşidəndə adam istər-istəməz düşünür ki, görəsən belə nəticə göstərən tələbəyə nə hədiyyə verərlər?
Bəlkə noutbuk? Planşet? Heç olmasa təhsilinə kömək edəcək başqa bir şey…
Bərdədə isə cavab daha sadə olub: İcra başçısının “ruçka”sı.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev yüksək balla universitetlərə qəbul olan tələbələrlə görüş keçirib. Rayonun ən yüksək nəticəsini göstərən Murad Quliyev də həmin tələbələr arasında olub. Murad 680,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
Təbriklər səslənib, hədiyyələr təqdim edilib. Növbə 680,9 bal sahibinə çatanda isə başçının öz qələmi ortaya çıxıb.
Üstəlik, məsələ sadəcə “buyur, bu da sənin hədiyyən”lə bitməyib. İcra başçısı qələmin özəlliyindən də danışıb:
“Başçının öz ruçkasını təqdim eləməsi hər adama qismət olmur”.
Doğrudan da, 680,9 bal toplayan hər adamın qarşısına belə qələm çıxmır.
Əslində, burada qələmin özündən çox, mənzərə maraqlıdır. Tələbə 680,9 bal toplayıb. Bu rəqəmin arxasında illərlə hazırlıq, imtahan stresi və böyük zəhmət dayanır. Sonda isə bütün bu hekayənin ən yaddaqalan hədiyyəsi bir qələm olur.
Qələmin yaxşı tərəfi də odur ki, heç olmasa istifadəlidir. Bu qələm Murada çox “əl tutacaq”. O icra başçısının özəl “ruçka”sı sayəsində universitetdə mühazirə yazacaq, imtahanlarda istifadə edəcək. Hətta çox qənaətlə işlədə bilsə, universiteti bitirənə qədər başqa qələm almağa ehtiyac olmaz.
Beləcə, 680,9 balın xatirəsi hər zaman əlində olacaq.
Üstəlik, bu qələmin gələcəklə bağlı daha bir “vəzifəsi” də müəyyənləşdirilib. İcra başçısı Murada arzu edib ki, universiteti uğurla, fərqlənmə ilə bitirsin və həmin qələmlə rayona gəlib işləmək istədiyini bildirsin.
Beləcə, qələm bir növ uzunmüddətli investisiyaya çevrilib.
Nə deyək, əsas odur ki, Muradın zəhməti qiymətləndirilib və o, Azərbaycan Tibb Universitetinə qəbul olub. Qələmi də öz yerindədir.
Sadəcə, 680,9 balı görəndə adamın ağlına bir sual gəlir:
“Görəsən, 700 bal olsaydı, qələmin yanında karandaş da verərdilər?”
Kübra Musayeva