Azərbaycanda hər üç şagirddən ikisi oxuduğunu anlamır — Nazir
Azərbaycanda hər üç şagirddən ikisi oxuduğunu tam başa düşmür. Elm və təhsil naziri Emin Əmrullayev bu vəziyyətin məktəbdə formalaşdığını və ciddi problem olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, nazir bunu PİSA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.
Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir.
“Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.
Nazirin sözlərinə görə, Azərbaycan oxu bacarıqları üzrə digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə geri qalır. PİSA 2025 nəticələrinə əsasən, Azərbaycan bu göstərici üzrə 71-ci yerdə qərarlaşıb.
“Bu, bizim müəllimlərimizin və təhsil ictimaiyyətinin ən ciddi şəkildə müzakirə etməli olduğu məsələlərdən biri olmalıdır”, – Emin Əmrullayev əlavə edib.
Türkan İsgəndərli