Sülh üçün yeni ümid – tərəflər Çində görüşdü

Siyasət

03.04.2026 18:15

Pakistan Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti ilə Çində sülh danışıqları apardığını təsdiqləyib. Danışıqların yeni mərhələsinin təsdiqlənməsi hər iki ölkənin nümayəndələrinin Çinin qərbindəki Urumçi şəhərinə gəlməsindən bir gün sonra baş verib. 


Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Əbdül Qahar Bəlx sosial mediada Çinin xahişi ilə danışıqlarda iştirak etmək üçün ölkəsindən orta səviyyəli nümayəndə heyətinin Urumçiyə gəldiyini açıqlayıb. 

Həmçinin Pakistan Xarici İşlər Nazirliyinin İslamabaddakı rəsmi sözçüsü Tahir Andrabi mətbuat konfransında danışıqların davam etdiyini açıqlayıb. O qeyd edib ki, danışıqların uğuru əsasən Kabildən asılıdır.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışarkən bildirib ki, Urumçi danışıqları regionun təhlükəsizliyi və iqtisadi sabitliyi üçün mühüm hadisədir.


Analitik vurğulayıb ki, Çinin vasitəçiliyi ilə Urumçi şəhərində Pakistan və "Taliban" hökuməti arasında aparılan müzakirələr Pekin, İslamabad və Kabil arasında strateji koordinasiyanın gücləndirilməsi üçün əsas platforma rolunu oynayır. Ekspertin fikrincə, tərəflərin rəsmi açıqlamaları prosesin hazırda kritik mərhələdə olduğunu göstərir.

Siyasi şərhçi əlavə edib ki, danışıqlar üçün məhz Urumçinin seçilməsi Pekinin strateji hədəflərindən xəbər verir:

"Çin bu bölgədə dialoq təşkil etməklə həm Əfqanıstana qonşu olan ərazilərinin təhlükəsizliyini təmin etmək, həm də "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində iqtisadi və nəqliyyat dəhlizlərini qorumaq məqsədi güdür. Lakin əldə olunacaq razılaşmaların icrası birbaşa Əfqanıstanın daxili siyasi vəziyyətindən və "Taliban"ın nümayiş etdirəcəyi mövqedən asılı olacaq".


Y. Bağırzadə qeyd edib ki, Pakistan üçün Əfqanıstanla stabil münasibətlər həm sərhəd təhlükəsizliyi, həm də ticarət və enerji layihələrinin həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Çin isə bu prosesdə həm vasitəçi, həm də geosiyasi balans təminatçısı kimi çıxış edərək, ABŞ-nin və digər Qərb aktorlarının regiondakı roluna alternativ güc mərkəzi təqdim edir.

“Pekin regional layihələri və enerji infrastrukturunu qorumaq üçün "Taliban" administrasiyası ilə dialoqu davam etdirir ki, bu da Çinə həm iqtisadi, həm də strateji üstünlüklər qazandırır”, - deyə siyasi analitik izah edib.


Ekspertin sözlərinə görə, danışıqların uğuru "Taliban"ın daxili islahatlar aparmasından və regional təhlükəsizlik üçün açıq siqnallar verməsindən asılıdır. O bildirib ki, nəticələr hələ qeyri-müəyyən qalsa da, Kabildə qəbul ediləcək siyasi qərarlar regionun gələcək strukturunu müəyyən edəcək. Danışıqların uğuru yalnız regionda sülh və stabilliyi təmin etməyəcək, həm də Çinin və Pakistanın Cənubi Asiya və Mərkəzi Asiya siyasətində nüfuzunu artıracaq.

Aysel Mətləb

TodayPress TV

tag: Yusif Bağırzadə,Politoloq,Pakistan ,Əfqanıstan,Çin,Todaypress.tv,