Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması

Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması
04.06.2026 14:38 Siyasət

1992-ci ilin yayında Surət Hüseynov Azərbaycanın ən parlaq hərbi adı idi. Elçibəyin fərmanı ilə 2-ci Ordu Korpusuna komandan təyin edilmiş bu gəncəli polkovnik iyun-oktyabr ayları arasında Qarabağ ərazisinin 52 faizini – o zamankı Şaumyan, Ağdərənin böyük hissəsi, 220-dən çox yaşayış məntəqəsi ermənilərdən geri almışdı.

Oktyabrın 9-da ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Amma bu zirvədən düşüş heyrətamiz sürətlə baş verdi  və düşüşün arxasında yalnız cəbhə uğursuzluqları deyil, siyasət və ambisiyalar dayanırdı.

1993-cü ilin yanvarında Hüseynovun korpusu Ağdərə və Fərrux istiqamətlərində yenidən hücuma keçdi. Fevralın 5-də ermənilərin əks-hücumu nəticəsində üç kənd əldən çıxdı. Hüseynov əlavə qüvvə göndərdi, fevralın 8-nə qədər həmin kəndlər geri alındı. Döyüş tarixi baxımından bu, adi bir mövqe dəyişikliyi idi. Lakin 9 fevral 1993-cü ildə AXC İcra Komitəsinin sədri Fərəc Quliyev ictimaiyyətə bəyanat verdi ki, Hüseynov Ağdərədən qoşunları çıxarmış, ermənilərin qarşısını açmış, Vətənə xəyanət etmişdi. Sonradan Baş Prokurorluğun istintaq qrupu da, Hərbi-Texniki Ekspertiza da bu bəyanatın düzgün olmadığını təsdiqlədi. Lakin siyasi zərər artıq verilmişdi.

Həmin bəyanatın nəticəsində Surət Hüseynov müharibədəki iştirakından uzaqlaşdı(rıldı), cəbhədə əsgərlərdə ruh düşgünlüyü və hərbi rəhbərliyə qarşı inamsızlıq yarandı, qoşunların idarə edilməsi pozuldu. Fevralın 26-da ermənilər Sərsəng su anbarının ətrafını tutaraq əsas Kəlbəcər yolunu kəsdilər. Aprelin 2-də Kəlbəcər işğal edildi. Hüseynov artıq komandanlıqdan kənarlaşdırılmışdı - müdafiə naziri Rəhim Qazıyevi və korpus komandiri Surət Hüseynovu azad edib, yeni müdafiə naziri və korpus komandiri təyin etmişdilər.

Hüseynov Gəncəyə qayıtdı. Yanında 709-cu briqada vardı — döyüşmüş, silahlanmış, ona sədaqətli əsgərlərdən ibarət. Elçibəy hökuməti isə fevral bəyanatından bu yana onu açıq düşmən saymağa başlamışdı. 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709-cu saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Surət Hüseynov icra etməkdən imtina etmişdi. Kəlbəcərin işğalından sonra isə Hüseynov rəsmi Bakıya tabe olmur və hakimiyyətə qarşı ultimatumlar verməyə başlayır.

İyunun 4-ü gəldi.

Hərbi uğursuzluqlar və ordudan kənarlaşdırılmasına görə qəzəblənən Hüseynov Gəncə şəhərində bir qrup milisi silahlandırmış, onları tərkisilah etmək üçün göndərilən Milli Ordu qüvvələrini məğlub etdikdən sonra Bakıya doğru irəliləmişdir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Hüseynov Elçibəyin, İsa Qəmbərin, bütün AXC rəhbərliyinin istefasını tələb edirdi.

İndi əsl sual budur: bu anda Hüseynov nə etməli idi?

Bir tərəfdə cəbhə dayanırdı. Ağdam həmin günlərdə ermənilər tərəfindən əhatəyə alınmaqda idi. Bu məqsədlə Gəncədə "Tufan" əməliyyatı keçirmək üçün Ağdam cəbhə xəttindən artilleriya və toplar çıxarılıb Gəncəyə 4 iyunda gətirilən gün, ermənilər Ağdamın cənub-qərbində hücuma keçərək mühüm yüksəklikləri ələ keçirmişdilər. Yəni Hüseynovun Bakıya yürüşü üçün cəbhədən silah çıxarıldığı həmin saatlarda, ermənilər bu boşluqdan istifadə edirdi. Ermənistanın eks-prezidenti Robert Köçəryan illər sonra məhkəmədə açıq etiraf etdi: "Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi."

Digər tərəfdə isə siyasi həqiqət dayanırdı. Hüseynov komandanlıqdan çıxarılmışdı, briqadası ləğv edilmək üzrə idi, AXC onu xainliklə ittiham etmişdi. Cəbhədə qalsaydı nə edəcəkdi? Rəsmi ordu strukturuna daxil edilməyəcəkdi. Briqadası dağıdılacaqdı. Özü siyasi baxımdan artıq bitmiş sayılırdı.

Buradan o məşhur sual doğulur: düzgün addım atmışdımı?

Cavab iki hissəlidir. Şəxsi strategiya baxımından Hüseynov məntiqli görünürdü- cəbhədə qalmaq ona heç nə qazandırmayacaqdı, Bakıya yürüş isə ...

Lakin milli maraqlar baxımından bu qərar ağır qiymətə başa gəldi: 1993-cü il iyunun 4-də Surət Hüseynov Əbülfəz Elçibəy hökumətini ölkədə vəziyyəti lazımınca idarə edə bilməməkdə təqsirləndirərək onun istefa verməsini tələb etmiş və öz qoşunlarını Bakıya yönəltmişdi. Həmin günlərdə Ağdam işğal edilirdi.

AXC iqtidarı və o zamankı prezident Əbülfəz Elçibəy müqaviməti yatıra bilmir və aciz durumda qalırdı. Məhz belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 13-də Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə parlamentin sədri İsa Qəmbər istefa verdi. İyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçildi. İyunun 17-dən 18-nə keçən gecə Elçibəy Bakını tərk etdi və Naxçıvanın Kələki kəndinə getdi. Hüseynov isə Baş nazir oldu.

Lakin tarix qəribə, amma ədalətli hökm çıxardı. Hüseynov nə əldə etmək istəmişdisə - AXC-ni devirmək, özü hakimiyyətə gəlmək - birincisini etdi, ikincisini edə bilmədi. Çünki hakimiyyəti almaq siyasi gedişatı başa düşmək Hüseynovun anlayacağından qat-qat dərin idi.

Sualın cavabı birmənalı deyil. Hüseynov cəbhəni tərk etməklə Azərbaycana hərbi ziyan vurdu - bu faktdır, Köçəryanın etirafı da daxil olmaqla bütün mənbələr bunu təsdiqləyir. Amma cəbhədə qalsaydı da, AXC onu siyasi baxımdan bitirəcəkdi...

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər