ABŞ NATO-dan ÇIXIR? – Respublikaçılar ayağa qalxdı: "Bu, intihardır!"

Siyasət

03.04.2026 17:21

ABŞ-nin NATO-dakı gələcəyi ətrafında yaranan gərginlik yeni mərhələyə qədəm qoyur. 

Prezident Donald Trampın alyansdan çıxmaqla bağlı verdiyi bəyanatlar artıq təkcə Demokratların deyil, həm də Respublikaçı senatorların ciddi müqaviməti ilə qarşılanır. 

“The Guardian” nəşrinin məlumatına görə, Senatın NATO Nəzarət Qrupunun həmsədrləri — respublikaçı Tom Tillis və demokrat Cin Şaxin birgə bəyanat yayaraq Ağ Evə sərt xəbərdarlıq ediblər.

Senatorlar NATO-nun 11 sentyabr hadisələrindən sonra Amerikanın yanında duran yeganə güc olduğunu və müttəfiq əsgərlərinin Əfqanıstanda ABŞ maraqları naminə canlarını fəda etdiklərini xatırladıblar. Onların fikrincə, NATO-dan çıxmaq təkcə Amerikanın milli təhlükəsizlik maraqlarını sarsıtmaq deyil, həm də birbaşa Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin strateji arzularını gerçəkləşdirmək deməkdir.

Siyasi kulislərdə böyük rezonans doğuran bu gərginlik fonunda mühüm sual ortaya çıxır: Donald Trampın ABŞ-ni NATO-dan çıxarmaq səlahiyyəti varmı?

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov sözügedən məsələni TodayPress TV-yə şərh edib.


O, ABŞ-nin NATO-nun qurucusu kimi təşkilatdan çıxması fikrini məntiqsiz adlandırıb:

“Prezident belə qərar qəbul edə bilər, amma bunun üçün Konqresin razılığı olmalıdır. NATO təşkilat kimi ABŞ üçün mahiyyət etibarilə tək hərbi qurum deyil, eyni zamanda dünyada ABŞ hegemonluğunun güc göstəricisidir. NATO-suz ABŞ dünyanın supergücü statusundan düşər. Onun ətrafındakı dövlətlərin bundan sonra hansı təhlükələrlə üzləşəcəyi başqa məsələdir, amma ən əsası ABŞ-nin bu ölkələrlə olan iqtisadi münasibətləri də zərbə alar”. 

Ekspertin sözlərinə görə, bu hal, eyni zamanda dünya təhlükəsizliyini də təhlükəyə salar:

“Çünki NATO-dan çəkinən güclər var ki, bu durumda fürsəti əldən verməzlər. Hesab edirəm ki, Trampın NATO-dan çıxmaq fikri, əslində, Aİ ölkələrinə təzyiq xarakteri daşıyır”.

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,ABŞ,NATO,Todaypress.tv,