Dəriniz quruyursa, səbəbi bu xəstəliklər ola bilər - Dermatoloq İZAH ETDİ
Əl və ayaq dərisindəki quruluq gündəlik həyatda demək olar ki, hər birimizin tez-tez qarşılaşdığı ən yayğın problemlərdən biridir. Bu hal bəzən sadəcə narahatlıq yaratsa da, bəzi hallarda dəridə qabıqlanma və çatların əmələ gəlməsi ilə müşayiət oluna bilər.
Bəs əl və ayaq dərisində quruluğun əsas səbəbləri, effektiv nəmləndirmə üsulları nələrdir?
Sözügedən mövzu ilə bağlı 1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoloqu Nuridə Musayeva TodayPress TV-yə açıqlama verib.

O qeyd edib ki, əl və ayaq dərisində quruluğun (kseroz) əsas səbəbləri tez-tez əl yuma, sabun və antiseptiklərdən həddindən artıq istifadə, gündəlik həyatda kimyəvi yuyucu vasitələrlə təmas, soyuq və quru hava, həmçinin dərinin isti su ilə uzun müddət təmasda olmasıdır.
Mütəxəssisin sözlərinə görə, bəzi hallarda dəri quruluğu sadəcə kosmetik problem olmur. Ekzema, kontakt dermatit və psoriaz kimi dəri xəstəliklərinin əlaməti də ola bilər.
“Dərinin düzgün nəmləndirilməsi çox vacibdir. Mən, xüsusilə əl yuyulduqdan və duşdan dərhal sonra nəmləndirici krem istifadəsini tövsiyə edirəm. Tərkibində qliserin, seramid olan vasitələr dəri baryerinin bərpasına kömək edir. Ayaqlarda, xüsusilə daban nahiyəsində kobudlaşma olduqda isə urea 20-40%-li tərkibli kremlər daha faydalı ola bilər”, - deyə həkim-dermatoloq izah edib.
N. Musayeva qeyd edib ki, yaş artdıqca orqanizmdə hüceyrə səviyyəsində maye miqdarı azalması da müşahidə edilir. Bu səbəbdən gündəlik su qəbulu da normasında olmalıdır ki, dəri bariyeri özünü müdafiə edə bilsin. Həmçinin endokrinoloji xəstəliklər - hipotiroidizm, şəkərli diabet, dəri xəstəliklərindən psoriaz, dishidroz, ekzema, atopik dermatit hallarında da mütləq düzgün dəri qulluğu rutini olmalıdır.
Əgər quruluqla birlikdə güclü qaşınma, qızartı, qabıqlanma və ya çatlar müşahidə olunursa, mütləq dermatoloqa müraciət etmək vacibdir. Çünki bu əlamətlər artıq hər zaman sadə dəri quruluğu ilə əlaqəli olmaya bilər.
Aysel Mətləb