Bakıda səs-küy yaradan faciə - "Roblox" uşaqları necə tələyə salır?

Bakıda səs-küy yaradan faciə - "Roblox" uşaqları necə tələyə salır?
25.09.2026 13:51 İqtisadiyyat

Bakıda baş verən son faciəvi hadisə ölkə gündəmini silkələyib. Belə ki, ötən həftələrdə Bakıda 12 yaşlı uşaq "Roblox"a görə özünə qəsd edib. Daha sonra məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Uşaqların onlayn oyun platformalarından istifadəsinin peşəkar şəkildə araşdırılması təklif edilib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, məsələyə baxarkən həm "Roblox" platformasının daxili arxitekturasını, həm də oyun mühitində yarana biləcək kənar riskləri ayrı-ayrılıqda qiymətləndirmək vacibdir:

""Roblox" platforması mahiyyət etibarilə tək bir oyun deyil, istifadəçilərin (əsasən uşaqlar və gənclərin) öz oyunlarını yarada bildiyi və ya başqalarının yaratdığı oyunları oynaya bildiyi böyük bir rəqəmsal ekosistemdir. Platformanın özü birbaşa zərərli təlimatlar vermir və uşaqlar üçün avtomatik çat filtrləri, yaş məhdudiyyətləri və modifikasiya olunmuş təhlükəsizlik qaydaları tətbiq edir. Bu baxımdan platformanın özü birbaşa intihara sövq edən bir mexanizm kimi dizayn olunmayıb".

Platformanın daxilində çat tənzimləmələrinin olmasına baxmayaraq, Elvin Abbasov əsas təhlükənin platformadan kənara çıxan kommunikasiyada olduğunu vurğulayıb. Bədniyyətli şəxslər uşaqların inamını qazandıqdan sonra onları daha təhlükəli platformalara yönəldirlər:

"Əsas risk platformanın özündən deyil, onun daxilindəki sosial qarşılıqlı əlaqə imkanlarından (çat, qumar və ya riskli oyun simulyasiyaları) və platformadan kənara çıxan kommunikasiyadan qaynaqlanır. Bədniyyətli şəxslər və ya psixoloji manipulyasiya edən kənar qruplar "Roblox" daxilində uşaqlarla ünsiyyət qurub onların inamını qazandıqdan sonra onları "Telegram", "Discord" və ya digər qapalı sosial media qruplarına keçməyə təhrik edə bilirlər. Məhz bu qapalı kənar platformalarda uşaqlara psixoloji təzyiq göstərilməsi, onları təhdid və ya şantaj etməklə təhlükəli əməllərə sövq edilməsi halları baş verə bilir".

AİKTSA sədri həmçinin qeyd edib ki, platforma daxilindəki virtual iqtisadiyyat və kiber-zorbalıq uşaq psixologiyasında dərin yaralar açır:

"Platforma daxilində yer alan virtual iqtisadiyyat, hesabdakı qiymətli əşyaların (skin, pet) və ya Robux-ların oğurlanması, kiber-zorbalıq (cyberbullying) və ya oyunda kütləvi təcrid olunma uşaqlarda dərin emosional sarsıntı və böhran yarada bilər. Yaşı kiçik olan uşaqlar üçün virtual aləmdəki itkilər və ya təzyiqlər bəzən həyati faciə kimi qavranılır".

Məsələnin kökündə təkcə konkret bir oyunun adının durmadığını diqqətə çatdıran mütəxəssis, valideynləri daha diqqətli olmağa çağırıb:

"Əsas problem uşaqların rəqəmsal mühitdə nəzarətsiz qalması, virtuallaşan psixoloji problemlərin vaxtında fərqinə varılmaması və kənar platformalara yönləndirilən sosial mühəndislik təhlükələridir. Valideynlər oyun platformalarında çat tənzimləmələrini məhdudlaşdırmalı, uşağın rəqəmsal davranışındakı dəyişiklikləri izləməli və ən başda uşaqla emosional ünsiyyət körpüsünü qorumalıdırlar", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər