Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin həcmi artdı
İqtisadiyyat
23.04.2026 07:41
Cari ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 1,104 milyard ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress TV Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 7,3% çoxdur.
Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib. Beləliklə, Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında üçüncü yeri tutub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çinə məhsul ixracı 29,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya təxminən 25,4% çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana məhsul ixracı 1,075 milyard ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon ABŞ dolları və ya təxminən 7% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
tag: Azərbaycan, Çin, Ticarət, ABŞ,Dollar, todaypress.tv,
