Yıldırımın komandasında tanış simalar yer alacaq!
“Fənərbağça” klubunda yenidən vəzifəyə gələn Əziz Yıldırım texniki heyətdə mühüm dəyişikliklər etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, Yıldırım klubun əfsanəvi simalarından olan Volkan Dəmirəl və Dirk Kuytu texniki heyətə cəlb etmək niyyətindədir.
Məlumata görə, hər iki tərəf bu təklifə müsbət yanaşıb.
İddialara əsasən, baş məşqçi postuna əsas namizədlərdən biri də Aykut Kocamandır.
Bildirilir ki, transfer planları ilə yanaşı, texniki heyətin yenidən formalaşdırılması da Yıldırımın prioritetləri sırasındadır. Bu məqsədlə o, klubun keçmiş simalarını yenidən komandaya qaytarmaq üçün addımlar atır.
Əziz Yıldırım daha əvvəl Volkan Dəmirəllə görüşündə belə dediyini açıqlamışdı:
“Əgər seçilsəm, sənin də klubda vəzifə tutmağını istəyirəm”.
Məlumata görə, təcrübəli mütəxəssis bu təklifə müsbət cavab verib. Dirk Kuytun da ona ünvanlanan təklifə “Gələcəyəm” cavabını verdiyi bildirilir.
Volkan Dəmirəl isə daha əvvəl Aykut Kocamanın “Fənərbağça”nın baş məşqçi vəzifəsinə ən uyğun namizəd olduğunu vurğulamışdı.
“Əgər Aykut Kocaman bu vəzifəyə təyin olunsa, onu dəstəkləməyə hazıram. Başqa heç kimi dəstəkləməyəcəyəm”, – deyə Dəmirəl bildirib.
Bu səbəbdən Aykut Kocamanın baş məşqçi təyin olunacağı halda, Volkan Dəmirəlin də məşqçilər korpusunda yer alma ehtimalının artdığı qeyd olunur.
Namiq HUN