“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı
İdman
02.05.2026 17:45
Peşəkar Çövkən Liqasında altıncı turun oyunları keçirilib.
TodayPress TV xəbər verir ki, “Şamaxı” komandası “Omar”la oyunda hesabı açsa da üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə vurulan 2 qol “Omar”a 3-1 hesabı ilə qələbə qazandırıb.
“Elite” - “Zəfər” oyununda ikincilər sona 5 dəqiqə qalmış 3 top fərqi ilə hesabda geri olsalar da, təslim olmayaraq buraxılmış qollardan ikisinin əvəzini çıxa biliblər. Son saniyələrə kimi “Zəfər”in 2-3 hesablı məğlubiyyətdən qaçması üçün şansları olsa da, bundan istifadə edə bilməyib.
Turun ikinci oyun gününün mərkəzi matçı “Buta qolden” və “Polad” komandaları arasında keçirilib. Oyunun debütü bütalıların üstünlüyü ilə keçsə də, “Polad” epizodlardan birində rəqib qapısına yol taparaq baxımlı qol vurub. İkinci hissədə də oyunun senarisi dəyişməyib. “Buta qolden” hesabı bərabərləşdirmək üçün penalti vuruşu qazansa da, şansını qaçırıb. “Polad” isə qalan dəqiqələr ərzində daha bir dəfə fərqlənərək 2-0 hesablı qələbə qazanıb.
Digər 2 qarşılaşmada “Embawood” “Atilla”nın qapısından 7 top keçirdiyi turda, “Sərhədçi” “Xəzər”lə oyunda 6 dəfə fərqlənib.
6 turdan sonra “Sərhədçi” 18 xalla liderdir. “Polad” və “Embawood”un aktivində 15 xal var.
“Sərhədçi”dən Vahid Məmmədov, “Embawood”dan isə Elmir Əliyev 12 topla sərrast oyunçular siyahısında liderliyə yüksəliblər.
Çövkən üzrə Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar liqada ay yarımlıq fasilə elan olunub.
Namiq HUN
tag: Peşəkar Çövkən Liqası,Tur,Oyun,Yarış,Todaypress.tv,
