Bernardo Silva üçün yarış: “İnter Mayami” və “Yuventus” mübarizədə

İdman

14.03.2026 16:37

“İnter Mayami” klubu “Mançester Siti”nin kapitanı Bernardo Silvanı transfer etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb. 

Bildirilib ki, klubun ulduzu Lionel Messi də bu keçidi dəstəkləyib və bu, ABŞ klubunun layihəsini portuqaliyalı yarımmüdafiəçi üçün daha cəlbedici edir.

31 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsi iyunun sonunda başa çatır və o, 9 mövsüm və 400-dən çox oyundan sonra klubu azad agent kimi tərk edə bilər.

Mənbənin məlumatına görə, “Yuventus” klubu da Silvanı əsas transfer hədəflərindən biri hesab edir. Lakin maliyyə şərtləri baxımından “İnter Mayami”nin üstünlüyü ola bilər.

Qeyd edək ki, hazırda Silva “Mançester Siti”də ildə təxminən 19,5 milyon funt sterlinq (22,6 milyon avro) qazanır. Turin klubuna keçid üçün onun maaşının azalmasına razılaşması lazım ola bilər, halbuki ABŞ klubunda daha sərfəli şərtlər təklif edilir.

Qeyd edək ki, cari mövsümdə Bernardo Silva “şəhərlilər”in heyətində 39 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında  futbolçunun bazar dəyəri 27 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Bernardo Silva,Mançester Siti,İnter Mayami,Transfer,Todaypress.tv,