Azərbaycan cüdoçularından dünya çempionatında daha iki qızıl medal!
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
Azərbaycan Cüdo Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, M5 yaş kateqoriyasında Babək Hacıyev (60 kq) və Mövlud Mirəliyev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçumuz karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.
Daha əvvəl Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq), Coşqun Abdullayev (90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və Anar Ağayev (90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.