Filmə çağırdılar, cəbhəyə göndərdilər
Rusiya Ukraynaya qarşı müharibəyə xarici ölkələrdən insan cəlb etmək üçün yeni üsula əl atıb.
TodayPress TV xəbər verir ki, bu dəfə afrikalı kişilərə film çəkilişlərində iştirak etmək təklif olunur. “Qlobal kastinq. Yeni kino layihəsi. Kişi rolları üçün afrikalılar axtarılır” başlığı ilə yayılan elanlarda əsasən iş tapa bilməyən gənc kişilər hədəfə alınır.
Məlumata görə, müxtəlif vədlərlə Rusiyaya gətirilən şəxslər daha sonra cəbhəyə göndərilir. Afrikanın qeyri-kommersiya təşkilatı Code for Africa Rusiyanın bu məqsədlə istifadə etdiyi 89 veb-sayt, 7 sosial şəbəkə hesabı və messencerlərdə 39 hesab və kanal müəyyən edib.
Bildirilir ki, bu üsulla Hindistan, Şri-Lanka, Kuba, Keniya, Nepal, Botsvana, Cənubi Afrika və digər ölkələrin vətəndaşları da Ukraynadakı müharibəyə cəlb olunub.
Kübra Musayeva