Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir

Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir
08.08.2026 19:11 Dünya

ABŞ hökuməti Cənubi Qafqaz və Mərkəzi Asiyada Orta Dəhliz boyunca özəl sektor investisiyalarını stimullaşdırmaq məqsədilə 201 milyon dollarlıq maliyyələşmə nəzərdə tutan Transxəzər Sahibkarlıq Fondunun yaradıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatına görə, yeni seçilmiş direktorlar şurası tərəfindən idarə olunacaq fond Transxəzər Ticarət Marşrutu - Orta Dəhliz boyunca investisiyaların təşviqinə xidmət edəcək.

Açıqlama Azərbaycan və Ermənistan arasında Vaşinqton sazişlərinin birinci ildönümü ilə bağlı yayımlanan bəyanatda yer alıb.

Dövlət Departamenti xatırladıb ki, düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib və onların tarixi Birgə Bəyannaməni imzalamasına şahidlik edib.

ABŞ Xarici İşlər Nazirliyi bildirib ki, sənəd Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyub və “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşmasına yol açıb.

“Son 12 ay ərzində ABŞ Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışaraq bu vədi tərəqqiyə çevirməyə çalışıb”, - deyə bəyanatda qeyd olunub.

Dövlət Departamentinin məlumatına görə, dəmir yolu, avtomobil yolları, enerji və rəqəmsal infrastrukturun modernləşdirilməsini nəzərdə tutan multimodal TRIPP marşrutunun həyata keçirilməsi istiqamətində işlər davam edir.

Ermənistanda dəmir yolunun tikintisi ilə bağlı mühəndislik araşdırmalarına başlanılıb. Azərbaycan isə Ermənistanla əlaqələndirəcək avtomobil və dəmir yollarının tikintisini, demək olar ki, başa çatdırıb.

ABŞ Dövlət Departamenti hesab edir ki, sülhün əldə olunması ABŞ, Azərbaycan və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsi üçün də yeni imkanlar yaradıb və bu, hər üç ölkənin iqtisadi rifahına töhfə verə bilər.

“ABŞ Ermənistan və Azərbaycanla işləməyə tam sadiq olaraq qalır. Hər iki xalqı son bir ildə nümayiş etdirdikləri cəsarət və uzaqgörənlik münasibətilə təbrik edir və Cənubi Qafqazda davamlı və dayanıqlı sülh yolunda daha böyük irəliləyiş gözləyirik”, - deyə Dövlət Departamentindən bildirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər