Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu
Ukraynanın pilotsuz uçuş aparatları Rusiya Prezidenti Vladimir Putinin iqamətgahlarından birini uzaqmənzilli hücumlardan qorumaq üçün istifadə edilən S-400 “Triumf” zenit-raket komplekslərinin raket buraxılış mövqeyini vurub.
TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Telegrаf” nəşri yazıb.
Qeyd olunur ki, buraxılış mövqeyi Rusiya prezidentinə məxsus, İtaliya üslubunda inşa edilmiş və Rusiyanın cənubunda, Gelencik yaxınlığında yerləşən saray kompleksindən təxminən 19 kilometr məsafədədir.
Bu hava hücumundan müdafiə sistemi sarayın qorunması üçün radioelektron mübarizə sistemləri və mobil atəş qrupları ilə birlikdə istifadə olunur. Kompleksin ətrafında 43,5 kvadrat kilometr ərazini əhatə edən “bufer zona” yaradılıb. Təhlükəsizlik xidmətləri sarayın üzərində uçuşa qadağan olunmuş zonanı daim təmin edir.
Nəşr xatırladır ki, mərhum müxalifət lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun 2021-ci ildə apardığı araşdırmaya əsasən, “Putinin sarayı” kimi tanınan Gelencik yaxınlığındakı iqamətgahın Rusiya prezidentinə təxminən 1 milyard funt-sterlinqə başa gəldiyi ehtimal olunurdu.
Jurnalistlərin iddialarına görə, dəbdəbəli kompleksdə kazino, üzüm bağı, spa mərkəzi, buz meydançası, teatr, dirəkdə rəqs otağı, qəlyan salonu, “su diskotekası”, miniatür dəmir yolu olan otaq və daha çox müxtəlif obyekt yerləşirdi. 2023-cü ildə kompleksə hətta ibadətgah da əlavə edildiyi bildirilmişdi.
Hesab olunur ki, Putin Ukraynanın uzaqmənzilli PUA-larının hücumlarından ehtiyat etdiyi üçün bu Qara dəniz sahilindəki iqamətgahına nadir hallarda gedir və getdikcə daha çox Valday gölündə yerləşən, güclü mühafizə olunan dəbdəbəli bağ evinə üstünlük verir.
Valdaydakı bağ evinin ən azı 27 qüllə ilə qorunduğu və həmin qüllələrdə “Pantsir” zenit-raket sistemlərinin yerləşdirildiyi bildirilir. Hər bir belə sistemin qiymətinin təxminən 16 milyon funt-sterlinq olduğu qeyd olunur.