Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycana təşəkkür etdi

Dünya

30.01.2026 17:22

Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk Ukraynaya göndərilən son humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Vitse-spikerin sözlərinə görə, yanvarın 20-dən bəri Azərbaycan Ukraynaya iki humanitar enerji avadanlığı karvanı göndərib. Yardımlara ümumi dəyəri təxminən 1 milyon dollar olan generatorlar, transformatorlar, kabellər, naqillər və aşağı gərginlikli panellər daxil olub.

Yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyi tərəfindən göndərilib.

Kondratyukun vurğuladığı kimi, bu, Azərbaycanın tammiqyaslı müharibənin başlanğıcından bəri Ukraynaya humanitar yardım göstərdiyi ilk hal deyil. Bərpa və yenidənqurma işləri də daxil olmaqla, yardımın ümumi məbləği artıq 45 milyon dolları keçib.

O qeyd edib ki, bu yardım qış dövründə xüsusilə vacibdir və Ukraynanın enerji infrastrukturunun bərpasına əhəmiyyətli töhfə verir.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna ,Azərbaycan,Yelena Kondratyuk,İlham Əliyev,Todaypress.tv,