Rusiya Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu artırır

Dünya

02.02.2026 14:55

Rusiya Finlandiya ilə sərhədə yaxın ərazilərdə hərbi infrastrukturunu genişləndirir və bu addımlar NATO ilə mümkün qarşıdurmaya hazırlıq kimi qiymətləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) yeni hesabatında qeyd olunub.

ISW analitikləri Finlandiyanın “Yle” telekanalının yaydığı peyk görüntülərinə diqqət çəkiblər. Görüntülərdə Petrozavodsk şəhərində, Finlandiya sərhədindən təxminən 175 kilometr məsafədə yerləşən “Rıbka” hərbi bazasında aktiv tikinti işlərinin aparıldığı əks olunub. Bildirilib ki, 2000-ci illərin əvvəlindən faktiki istifadə olunmayan bu ərazi hazırda Leninqrad Hərbi Dairəsinin tərkibində yaradılan 44-cü ordu korpusunun yerləşdirilməsi üçün hazırlanır.

Hesabatda həmçinin Murmansk vilayətinin Kandalakşa şəhərində, Finlandiya sərhədindən 120 kilometrdən az məsafədə yeni hərbi şəhərcik salındığı qeyd olunur. ISW-nin məlumatına görə, burada yeni artilleriya və mühəndis briqadalarının yerləşdirilməsi planlaşdırılır.

Mütəxəssislər bu addımların Rusiya Silahlı Qüvvələrinin daha genişmiqyaslı yenidən təşkili prosesinin tərkib hissəsi olduğunu vurğulayırlar. Xüsusilə Qərb Hərbi Dairəsinin bölünməsi və şimal istiqamətində komandanlığın gücləndirilməsi bu strategiyanın əsas elementləri kimi göstərilir.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya ,NATO ,Amerika ,Finlandiya ,Todaypress.tv,